İraq OPEC çərçivəsində ona ayrılan neft hasilatı kvotasının əhəmiyyətli dərəcədə artırılmayacağı təqdirdə, bütün mümkün variantları nəzərdən keçirməyə məcbur olacaq.
Bu barədə “Reuters” İraq Neft Nazirliyinin yüksəkvəzifəli rəsmisinə istinadən məlumat yayıb.
Agentliyə danışan digər mənbələr isə İraq rəsmilərinin OPEC-dən çıxmaq ehtimalını da müzakirə etdiklərini bildiriblər. Bununla belə, hazırkı plan təşkilatda qalmaq və daha yüksək hasilat kvotasına nail olmağa çalışmaqdır.
Qeyd olunur ki, İraqın OPEC-dən mümkün çıxışı bu il Birləşmiş Ərəb Əmirliklərinin təşkilatı tərk etməsindən sonra qurum üçün növbəti ciddi zərbə ola bilər. İraq OPEC-in beş təsisçi üzvündən biridir və təşkilat məhz Bağdadda yaradılıb.
İraq rəsmisinin sözlərinə görə, ölkə İranla müharibənin yaratdığı nəticələr fonunda ciddi maliyyə böhranı yaşayır və OPEC kvotasının əhəmiyyətli dərəcədə artırılması ölkə üçün həyati əhəmiyyət daşıyır.
“İraq hazırda kritik maliyyə vəziyyəti ilə üz-üzədir. OPEC kvotasının ciddi şəkildə artırılması zəruridir və bu məsələyə maksimum ciddiyyətlə yanaşılmalıdır”, – mənbə “Reuters”ə deyib.
OPEC+ alyansı Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və Rusiya da daxil olmaqla tərəfdaş istehsalçı ölkələri birləşdirir.