İsrail Qəzzada, Livanda və Suriyada yaratdığı təhlükəsizlik zonalarından çıxmayacaq.
APA xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri İsrael Katz yerli televiziyaya müsahibəsində bildirib.
“Heç kim bizə nə edəcəyimizi deyə bilməz”, - Katz İsrail ordusunun Livanı tərk etməsi ilə bağlı çağırışlara münasibət bildirərkən deyib.
Katz ABŞ Prezidenti Donald Trampın “Qoy “Hizbullah”la Suriya ordusu məşğul olsun” fikirlərinə də münasibət bildirib.
“Bizə Colani lazım deyil. Onun bura gəlib bizə kömək etməsinə ehtiyac yoxdur. Biz Suriyanı yaxşı tanıyırıq. Colani bizə kömək etməyəcək. Yaxşısı budur ki, Suriyada qalsın və bizim işimizə qarışmasın. Bizi də onun işinə qarışmağa məcbur etməsin”, - İsrailin müdafiə naziri vurğulayıb.
O, Livandakı hərbi əməliyyatlar barədə də danışıb. Müdafiə naziri qeyd edib ki, İsrailin Livanda yaratdığı təhlükəsizlik zonasına daxil olan bütün evlər dağıdılıb və orada yaşayan 200 min sakin bir daha evlərinə qayıda bilməyəcək.