Gürcüstan 2027-ci ildə ATƏT-ə sədrlik etmək niyyətində olsa da, Avropa İttifaqı (Aİ) Tbilisinin bu təşəbbüsünü dəstəkləmir.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Brüsselin “Rapporteur” nəşri yazıb.
Bildirilib ki, hazırda ATƏT-in sədri postuna yeganə rəsmi namizəd Aİ-nin dəstəklədiyi Kiprdir, lakin Türkiyə bu ölkənin namizədliyini bloklayır.
Aİ-nin rəsmi nümayəndəsi Kristian Viqand nəşrə Brüsselin Kiprin namizədliyini dəstəkləməkdə davam etdiyini təsdiqləyib və alternativ namizədlərin nəzərdən keçirilmədiyini vurğulayıb.
Qeyd edək ki, Gürcüstan növbəti ildə ATƏT-ə sədrliyə namizədliyini təqdim edib. Bu il təşkilata sədrlik İsveçrəyə məxsusdur. İsveçrənin sədrliyi altında sonuncu mühüm tədbir 3-4 dekabr tarixlərində keçiriləcək ATƏT-in Nazirlər Şurasının iclası olacaq.