İranın xarici işlər nazirinin müavini Abbas Əraqçi İrana məxsus Pilotsuz Uçuş Aparatının (PUA) vurulması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
APA-nın Tehran bürosunun məlumatına görə, A. Əraqçi “Tvitter” səhifəsində Fars körfəzində İrana məxsus PUA-nın vurulmasını təkzib edib.
“Biz nə Hörmüz boğazında, nə də ki, başqa bir yerdə Pilotsuz Uçuş Aparatımızı itirmişik. Narahatıq ki “USS Boxer” gəmisi səhvən öz PUA-sını vurmuş olar”, - nazir müavini vurğulayıb.
Qeyd edək ki, ABŞ donanmasının heyəti İranın PUA-sına atəş açıb. Bu barədə ABŞ Prezidenti Donald Trump Ağ Evdə jurnalistlərə açıqlamasında bildirib. D. Tramp bildirib ki, ABŞ dənizçiləri gəmiyə yaxınlaşan İrana məxsus PUA-nı özlərini müdafiə etmək məqsədilə vurub, atəş nəticəsində PUA dərhal sıradan çıxarılıb.