Almaniyanın Suriya, Əfqanıstan, Pakistan və digər ölkələrdən olan qeyri-qanuni miqrantları Geri Qəbul Sazişi çərçivəsində Türkiyəyə göndərdiyi barədə yayılan məlumatlar təkzib olunub.
APA-nın Türkiyə bürosu xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin Dezinformasiya ilə Mübarizə Mərkəzi açıqlama yayıb.
Açıqlamada qeyd olunub ki, sözügedən xəbərlər həqiqəti əks etdirmir və əsassızdır.
Bildirilib ki, Türkiyənin digər ölkələrin vətəndaşlarını qəbul etməsinə dair hər hansı praktikası mövcud deyil. Almaniyadan geri göndərilən xarici vətəndaşlar Türkiyəyə deyil, öz ölkələrinə qaytarılır.
Qurum vurğulayıb ki, Türkiyə ilə Avropa İttifaqı arasında imzalanmış Geri Qəbul Sazişi əsasən Türkiyə vətəndaşlarına şamil edilir.
Açıqlamada həmçinin qeyd olunub ki, cinayət keçmişi olan və ya qanuni yaşayış hüququna malik olmayan xarici vətəndaşların Türkiyəyə qaytarılması hüquqi baxımdan mümkün deyil.