Türkiyə İraq Nazirlər Şurasının Baş Katibliyi tərəfindən Kərkük türkmənlərinin dilinin rəsmi qaydada istifadəsinə məhdudiyyət qoyulmasını pisləyib.
Bu barədə APA-nın İstanbul müxbirinə Türkiyə XİN-dən bildirilib.
Nazirliyin yaydığı bəyanatda bu qərarın İraqın türkmən əhalisinin fundamental hüquqlarının pozulma halı olduğu qeyd olunub.
“Bu həm də İraq Konstitusiyasının müddəalarına açıq şəkildə ziddir. Əslində Konstitusiyanın dördüncü maddəsi türkmən əhalisinin cəmləşdiyi inzibati vahidlərdə türkmən dilinin rəsmi dil olması müddəasını tənzimləyir. Eyni zamanda İraq Konstitusiyasının 125-ci maddəsi Konstitusiyanın İraq əhalisini təşkil edən bütün komponentlərin inzibati və mədəni hüquqlarını təmin etdiyini vurğulayır. Düşünürük ki, İraq və Kərkük vilayətinin əsas xalqlarından olan türkmənlərin hüquq və həssaslıqlarına məhəl qoymayan bu cür addımlar Kərkükdə dinc və birgə yaşamaq mədəniyyətinin qurulması səylərinə zərər verəcək”, - deyə bəyanatda qeyd edilib.
Türkiyə İraq hakimiyyətini qısa zamanda bu qərarı nəzərdən keçirməyə çağırır.