Yaponiya Qəzzadakı mülki əhaliyə humanitar məqsədlər üçün maliyyə yardımı ayıracaq.
APA "Kyodo" agentliyinə istinadən xəbər verir ki, bu barədə Yaponiyanın xarici işlər naziri Yoko Kamikava mətbuat konfransında deyib.
O bildirib ki, İsrail və Fələstinin HAMAS silahlı qruplaşması arasında davam edən münaqişə fonunda humanitar böhranın öhdəsindən gəlmək üçün Yaponiya Qəzza zolağında mülki şəxslərə 10 milyon dollar dəyərində maliyyə yardım ayıracaq.
Kamikava həmçinin əlavə edib ki, Yaxın Şərqdə gərginliyin mümkün qədər tez bir zamanda aradan qaldırılmasına kömək etmək üçün İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianla telefon əlaqəsi saxlayacaq.
"Biz humanitar yardımın yaxşılaşdırılması üçün diplomatik səylərimizi davam etdirəcəyik ki, qida, su, tibbi və sağlamlıq xidmətləri kimi yardım günahsız mülki şəxslər və fələstinli qaçqınlar üçün əlçatan olsun", - Kamikava bildirib.
Yaponiya XİN rəhbəri deyib ki, humanitar yardım beynəlxalq qurumlar vasitəsilə çatdırılacaq.