Bank Of Baku

Olimpiya çempionu Karina Aznavuryan: “Qohumlarımın yaşadığı Parisə deyil, Bakıya qayıtmaq arzusundayam”

Olimpiya çempionu Karina Aznavuryan: “Qohumlarımın yaşadığı Parisə deyil, Bakıya qayıtmaq arzusundayam”
# 17 aprel 2012 13:50 (UTC +04:00)
Bakı – APA. “Bakıda çox güclü qılıncoynatma məktəbi var. Çox düzgün taktika müəyyənləşdiriblər. Bizi oyunlarla cəlb edirdilər. 1 il estafet keçdik, üzməyi, körpü vəziyyətində dayanmağı öyrəndik, bundan sonra əlimizə rapira verdilər. Qrupda 60 nəfərdən yalnız mən qaldım”. Apasport.az saytının məlumatına görə, bunu qılıncoynatma üzrə Rusiya millisi ilə böyük uğurlar qazanmış Karina Aznavuryan deyib.

Bakıda anadan olan olimpiya çempionunun valideynlərindən biri azərbaycanlı, digər ermənidir. 10 yaşından paytaxtımızda qılıncoynatma ilə məşğul olan Karina Rusiya mətbuatına verdiyi müsahibəsində Bakıda keçən uşaqlıq illərini yada salıb: “Bakı beynəlmiləl şəhərdir. Biz həmişə rusca danışırdıq və heç vaxt millətləri fərqləndirmirdik. Ancaq oradan köçməyə məcbur olduq. Çünki ermənilər azərbaycanlılarla döyüşürdülər”.

Bakıdan sonra Moskvaya köçən Aznavuryanın geriyə qayıtmağa yeri olmayıb. Çünki onun atası bacıları ilə Ermənistana köçüb: “Müəlliməmin qohumlarının mehmanxanasında gecələyirdim. Bu, qaçqınların məkanı idi. Bir otaqda 7 nəfər yaşayırdı. Gecələr orada siçanlar qaçırdı”.

Sidney və Afina Olimpiya Oyunlarının qalibi olan 38 yaşlı idmançı bildirib ki, qohumlarının yaşadığı Parisə deyil, Bakıya qayıtmaq arzusundadır: “Bakını həmişə xoş xatirələrlə yada salıram. Müasir texnologiyanın və internetin hesabına oradakı dostlarımı tapa bildim. Adama elə gəlirdi ki, onlarla əlaqəm həmişəlik kəsilib. Mən indi də Bakıya qayıdardım, sinif yoldaşlarıma, dostlarıma baş çəkərdim. Bizim çox yaxşı münasibətlərimiz qalıb”.

Qeyd edək ki, Karina Bakıdan Moskvaya 16 yaşında – 1990-cı il, yanvarın 13-də gedib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Atletika

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR