Azərbaycanlı güləşçi erməni rəqibini məğlub edərək finala çıxıb

Azərbaycanlı güləşçi erməni rəqibini məğlub edərək finala çıxıb
# 18 iyun 2023 01:32 (UTC +04:00)

Albaniyanın paytaxtı Tiranada güləş üzrə U-17 Avropa çempionatında Azərbaycan güləşçisi Cəfər Cəfərov (45 kq) debütdə türkiyəli Əbubəkr Gür üzərində inamlı qələbə qazanıb - 16:7.

APA xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasından məlumat verilib.

Bildirilib ki, güləşçimiz ermənistanlı Armen Papikyana tam üstünlüklə (10:0) qalib gələrək yarımfinala yüksəlib. C.Cəfərovun qarşısında polşalı Pavlo İlnitski cəmi 35 saniyə duruş gətirə bilib – 10:0. C.Cəfərob finalda gürcüstanlı Mate Tsinadzeylə güləşəcək.

Seyhun Əlizadə (51 kq) 1/8 finalda ermənistanlı Saşa Petrosyanla bacarmayıb - 2:15. Rəqib finala yüksəldiyi üçün S.Əlizadə təsəlliverici görüşdə britaniyalı Danuş Yovkarla qarşılaşacaq.

Camal Abbasov (60 kq) 1/8 finalda fransalı Abdullah Nakayevə heç bir şans tanımayıb - 11:0. Gəncə güləş məktəbinin yetirməsi yunanıstanlı Flippos Psoması da 6:0 hesabıyla xalçadan məyus yola salıb. C.Abbasov yarımfinalda türkiyəli Vahid Yılmaza vaxtından əvvəl (10:0) qalib gəlib və ikinci dəfə Avropa çempionatının finalına yüksəlib. Həlledici görüşdə Camalın rəqibi rusiyalı Akramat Şakriyev olacaq.

İsmayıl Rəhimli (71 kq) litvalı Arnas Linkeviçyusa 10:0 hesabıyla qalib gəlsə də, 1/4 finalda ermənistanlı Narek Nikoqosyana minimal fərqlə (2:3) məğlub olub. Rəqibin finaladək irəliləməsi İ.Rəhimli bürünc medal qazanmaq şansı yaradıb. İsmayıl təsəlliverici görüşdə gürcüstanlı Yoseb Mefarişviliylə üz-üzə gələcək.

Səid Paşayev (92 kq) təsnifat mərhələsində türkiyəli Eyyup Çətinə müqavimət göstərə bilməyib - 2:13. Rəqib finala yüksəldiyi üçün S.Paşayev təsəlliverici görüşdə iştirak hüququ qazanıb. Səid Paşayev belaruslu Aleksey Kulakovla güləşəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR