Bakı – APA. Azərbaycan çaparı Camal Rəhimov növbəti uğurunu qazanıb. Atçılıq Federasiyasının mətbuat xidmətindən apasport.az saytına verilən xəbərə görə, İspaniyada keçirilən “Oliva Nove” turnirində iştirak edən idmançı bütün rəqiblərini qabaqlayaraq birinci olub.
Vaxt nəzərə alınmaqla keçirilən yarışlarda Rəhimov “Excenel V” ləqəbli atla marşrutu 72.62 saniyəyə qət edərək 1-ci yerə çıxıb. Turnirdə 2-ci yeri “Summersalut” ləqəbli atla Almaniyalı Ralf Runge, 3-cü yeri isə “Surf du Moulin” ləqəbli atla Fransalı Rafael Goers tutub. Yarışın yekunlarına əsasən 50 lisenziya xalı qazanan Camal Rəhimov Rio de Janeyroda keçiriləcək Olimpiya Oyunlarına vəsiqə qazanmaq uğrunda gedən mübarizəyə uğurlu start verib.