Qəbələ rayonun Bum qəsəbəsindəki Stend və Ox Atıcılığı Kompleksində Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinə həsr olunmuş stend atıcılığı üzrə Beynəlxalq Qran-pri yarışlarının səngər stend üzrə qalibləri məlum olub.
APA-nın yerli bürosunun xəbərinə görə, mayın 10-da qadın, kişilər və gənclər arasında səngər stend yarışlarının final mərhələsi keçirilib. Kişilərin yarışında tanınmış stend atıcısı, rusiyalı olimpiya çempionu Aleksey Alipov 47 xalla qızıl, Azərbaycan idmançısı Tamerlan Məmmədov 46 xalla gümüş, Rusiya atıcısı Aleksey Quliayev 36 xalla bürünc medal qazanıb. Bu yarışda Əli Hüseynli 5-ci yeri tutub.
Qadınların yarışında isə rusiyalı Nataliya Zvaqinseva birinci, Azərbaycan atıcısı Aydan Camalova ikinci, Ukrayna atıcısı Alyona Axotska üçüncü yeri tutub. Gənclərin final yarışında Azərbaycan idmaçıları digər ölkələrdən olan rəqiblərini önə keçməyə bacarıblar. Belə ki, Sabir Mehdizadə birinci, Mirmömin Ağazadə ikinci, Vaqif Məmmədov üçüncü yeri tutub.
Sonra qaliblərin mükafatlandırılması mərasimi olub. İdmançılara medalları Qəbələ rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev və stend atıcılığı üzrə olimpiya çempionu Zemfira Meftahətdinova təqdim ediblər. Eyni zamanda, mayın 10-da dairəvi stend atıcılığı üzrə idmançıların məşq prosesi olub. Sabah bu növ üzrə yarışlara start veriləcək.