Bank Of Baku

Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatıb - YENİLƏNİB

Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatıb - YENİLƏNİB
# 31 may 2026 18:20 (UTC +04:00)

Fransada PSJ-nin UEFA Çempionlar Liqasının finalında “Arsenal” üzərində qələbəsindən sonra baş verən iğtişaşlar zamanı polisin azarkeşlərə münasibəti sərt olub.

Bu barədə Reuters məlumat yayıb. Parisdə və digər şəhərlərdə təhlükəsizlik qüvvələri iğtişaşların qarşısını almaq üçün gözyaşardıcı qazdan istifadə edib, bəzi yerlərdə izdiham dağıdılıb və küçələrdə xüsusi polis qüvvələri yerləşdirilib. Polis avtomobillərin yandırılması, mağazalara ziyan vurulması, fişənglərin polisə atılması və barrikadaların qurulmasına müdaxilə edib.

Qeyd edilir ki, Fransa hökuməti iğtişaşlardan əvvəl geniş təhlükəsizlik planı tətbiq etmişdi. Paris və ətrafında təxminən 22 min polis və təhlükəsizlik əməkdaşı səfərbər olunub. Buna baxmayaraq, bəzi qruplar mağazalara ziyan vurub, avtomobilləri yandırıb və polis bölməsinə daxil olmağa cəhd göstərib.

***

15:40

PSJ-nin UEFA Çempionlar Liqasının finalında “Arsenal”ı penaltilər seriyasında məğlub etməsindən sonra Fransada kütləvi iğtişaşlar baş verib.

Sky News-un məlumatına görə, Fransa daxili işlər naziri Laurent Nunez ölkə üzrə 780 nəfərin saxlanıldığını açıqlayıb. Onlardan 480 nəfəri Parisdə saxlanılıb. Hadisələr zamanı 57 polis əməkdaşı yaralanıb.

Məlumata əsasən, PSJ azarkeşlərinin qələbə sevinci bəzi şəhərlərdə qarşıdurmalarla müşayiət olunub. Avtomobillər yandırılıb, mağazalara ziyan vurulub, polisə qarşı müqavimət göstərilib.

Fransa polisi Parisdə təhlükəsizlik tədbirlərini gücləndirib. Paytaxtda asayişin qorunması üçün 5 780 polis və jandarm, həmçinin 2 500 yanğınsöndürən səfərbər edilib.

Qeyd edək ki, PSJ finalda “Arsenal”ı penaltilərlə məğlub edərək Çempionlar Liqasının qalibi olub.

***

06:24

Fransa polisi Çempionlar Liqasının finalında PSJ-nin qələbəsindən sonra bir neçə şəhəri bürüyən iğtişaşlar zamanı 416 nəfəri saxlayıb.

Bu barədə AFP xəbər agentliyi Fransanın daxili işlər naziri Loran Nunezə istinadla məlumat yayıb.

Nazir, həmçinin iğtişaşlar zamanı 7 polis əməkdaşının yaralandığını bildirib.

***
01:02

Parisdə PSJ azarkeşləri və polis əməkdaşları arasında toqquşma baş verib.

"Le Figaro"nun məlumatına görə, hadisələr klubun ev stadionu olan “Park de Prens” yaxınlığında baş verib.

Azarkeşlər polisə daş, şüşə qablar və fişənglər atıb. Hüquq-mühafizə orqanları isə cavab olaraq gözyaşardıcı qaz tətbiq edib.

Azı 10 nəfərin saxlanıldığını bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR