Fransanın cənubundakı Var departamentində baş verən meşə yanğını səbəbindən 2 200 nəfər düşərgələrdən təxliyə olunub.
APA xəbər verir ki, bu barədə Var departamentinin prefekturası "X" sosial şəbəkəsində məlumat yayıb.
Bildirilib ki, iyulun 1-də Frejüs kommunası yaxınlığında başlayan meşə yanğını artıq lokallaşdırılıb. Təhlükəsizlik məqsədilə ərazidə yerləşən düşərgələrdən 2 200 nəfər təxliyə edilib.
Yanğının söndürülməsinə 300-dən çox yanğınsöndürən və xilasedici, 85 texnika, 3 yanğınsöndürən təyyarə və 4 helikopter cəlb olunub.
Qeyd olunub ki, Fransada son günlər müşahidə olunan anomal istilər çoxsaylı temperatur rekordlarının qeydə alınmasına səbəb olub. Hazırda havanın temperaturu 30 dərəcədən aşağı düşsə də, ölkənin cənubundakı altı departamentdə meşə yanğınları ilə bağlı "yüksək", daha üç departamentdə isə "çox yüksək" təhlükə səviyyəsi qüvvədə qalır.