“Gürcüstan Avro-Atlantik inteqrasiya yolunda mühüm irəliləyiş əldə edib. Biz inanırıq ki, inteqrasiyamızı gücləndirmək və konkret siyasi qərarlar qəbul etməyin vaxtıdır”.
APA-nın yerli bürosunun xəbərinə görə, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Brüsseldə NATO Baş katibi Yens Stoltenberqlə görüşdən sonra keçirdiyi birgə brifinqdə deyib.
O bildirib ki, Gürcüstanın NATO ilə praktiki əməkdaşlığı Qara dənizdə təhlükəsizlik tərəfdaşlığı çərçivəsində uğurla inkişaf edir.
İ. Qaribaşvili NATO-nun Qara dənizdəki fəaliyyətinin artmasını alqışladığını, bunun regionda sabitliyin qorunması üçün mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib.
Baş nazir NATO-nun yenilənmiş strateji konsepsiyasında açıq qapı siyasəti və Gürcüstanın NATO-ya inteqrasiyası məsələlərinin layiqincə əks olunacağına inandığını qeyd edib.