Ukrayna prezidenti Volodimir Zelenski ABŞ prezidenti Donald Trampı Kiyevi Rusiya qarşısında kapitulyasiyaya məcbur etməyə çalışmaqda ittiham edib.
APA xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Zelenskinin sözlərinə görə, ABŞ administrasiyası Ukraynadan Rusiyanın neft emalı zavodlarına hücumları dayandırmağı tələb edir, lakin bunun müqabilində Ukraynanın hava hücumundan müdafiə imkanlarını gücləndirmək üçün əlavə dəstək təklif etmir.
“Son təklifim belə idi: Biz Rusiyanın dizel yanacağı istehsalına zərbələr endirmirik, siz isə bunun müqabilində obyektlərimizi qorumaq üçün bizə “Patriot” sistemlərinin raketlərini verirsiniz. Lakin onlar sadəcə olaraq hücumları dayandırmağımızı istəyirlər, əks halda, bizə nəyisə verməyi dayandıracaqlarını deyirlər”, – Zelenski bildirib.
Ukrayna Prezidenti hesab edir ki, Vaşinqtonun bəzi addımları Kiyevi kapitulyasiyaya məcbur etmək təsiri bağışlayır. Bununla belə, o, ABŞ-ın məqsədinin məhz bu olduğuna inanmaq istəmədiyini vurğulayıb.
Zelenski ABŞ-la münasibətlərin aralıq seçkilərindən sonra yaxşılaşacağına ümid etdiyini də bildirib. Onun sözlərinə görə, hazırda siyasi mübarizə münasibətlərə mənfi təsir göstərir.
Məqalədə qeyd olunur ki, Zelenski ABŞ-ın Ukraynaya hərbi dəstəyinin azalmasından, o cümlədən “Patriot” raketlərinin tədarükünün gecikməsindən narahatdır. O, həmçinin Rusiyanın enerji infrastrukturuna hücumlarının davam etdiyini bildirib.
Zelenskinin açıqlamasına görə, Rusiya ötən həftə ərzində Ukraynaya təxminən 2700 dronu, 1700 aviasiya bombası və 66 raket buraxıb. Raketlərin əksəriyyətinin ballistik olduğu bildirilib.