Gürcüstanın hakim “Gürcü Arzusu” partiyası 2024-cü ildən seçkilərin elektron qaydada keçirilməsi qərarını qəbul edib.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə partiyanın sədri İrakli Kobaxidze keçirdiyi brifinqdə bildirib. Onun sözlərinə görə, iqtidar 2024-cü ildən seçici qeydiyyatının və səsvermənin elektron avadanlıqlar vasitəsilə həyata keçirilməsi qərarını qəbul edib:
“Ötən il, səsvermə proseduru Tbilisinin Krtsanisi rayonunda tam elektron avadanlıqlardan istifadə edilməklə həyata keçirildi. Bu il elektron avadanlıqlar istifadə edilməklə Batumi Bələdiyyəsinin 8 seçki məntəqəsində aralıq seçkilər keçirildi. Seçici qeydiyyatı və səsvermə ilə bağlı uğurlu təcrübə bizə bu təşəbbüsün 2024-cü ildən genişmiqyaslı tətbiqinə imkan verir. Xüsusilə də, biz qərarlaşdırmışıq ki, bütün şəhərlər və böyük yaşayış məntəqələri daxil olmaqla seçki dairələrinin əksəriyyətində seçici qeydiyyatı və səsvermə elektron avadanlıqlar istifadə edilməklə həyata keçirilsin ki, bu da seçicilərin ən az 70 faizini əhatə edəcək”.
Kobaxidze əlavə edib ki, elektron qaydada səsvermə səslərin sayılması prosesinə ictimai inamın güclənməsinə, spekulyasiyaların birdəfəlik sona çatmasına imkan verəcək.
Vurğulayıb ki, təşəbbüs qanun layihəsi şəklinə salınacaq və Gürcüstan hökuməti, Mərkəzi Seçki Komissiyası, sahə ekspertləri ilə aparılan ilə məsləhətləşmələrdən sonra seçki məntəqələrinin səsvermə avadanlıqları ilə təmin edilməsi istiqamətində praktiki addımlar atılacaq.