Fransa Prezidenti Emmanuel Makron ölkədə yanacaqdoldurma məntəqələrində yanacağın qiymətlərinin dözülməz həddə çatdığını bildirib.
APA xəbər verir ki, Makron bunu İordaniya Kralı II Abdullah və Livan Prezidenti Cozef Aunla danışıqlarının yekunlarına dair “X” hesabında paylaşımında qeyd edib.
“Biz Hörmüz boğazında, Qırmızı dənizdə və Bab əl-Məndəb boğazında naviqasiya azadlığının təmin edilməsinin vacibliyini vurğuladıq. Blokadalar gündəlik həyatımıza birbaşa təsir göstərir. Fransızlar bunu yanacaqdoldurma məntəqələrində hiss edirlər, qiymətlər dözülməz həddə çatıb”, – Makron bildirib.
Onun sözlərinə görə, Fransa hakimiyyəti gərginliyin azaldılması və neft tədarükünün təmin edilməsi istiqamətində fasiləsiz iş aparır.
Hörmüz boğazındakı blokada və yanacaq təchizatındakı fasilələr fonunda Fransada benzin və dizel yanacağının qiymətinin bəzi hallarda litri 3 avroya yaxınlaşıb. Bəzi yanacaqdoldurma məntəqələrində yanacaq çatışmazlığının müşahidə olunduğu bildirilir.