Polşanın Xmelek yaşayış məntəqəsi yaxınlığında bu gün səhər saatlarında güclü partlayış baş verib.
APA xəbər verir ki, bu barədə Polşa Silahlı Qüvvələrinin Operativ Komandanlığı məlumat yayıb.
Məlumata görə, hadisə Rusiyanın Ukraynaya kütləvi raket hücumu zamanı qeydə alınıb. Polşa ərazisinə Rusiya raketinin daxil olduğu ehtimal edilir.
Polşa Silahlı Qüvvələrinin Operativ Komandanlığı daha sonra bildirib ki, Bilqoray rayonunun Xmelek yaşayış məntəqəsi yaxınlığında naməlum uçan obyekt düşmüş ola bilər. Hadisə yerində parıltı və partlayışı əks etdirən videolar sosial şəbəkələrdə yayılıb.
Ukraynanın monitorinq resursları isə Rusiya raketlərindən birinin Polşanın dövlət sərhədini keçərək ölkənin hava məkanına daxil olduğunu iddia edib.