Sloveniya İsrailin İordan çayının qərb sahilində yerləşən E-1 zonasında yəhudi yaşayış məntəqələrinin tikintisi planlarını pisləyən Avropa İttifaqının birgə bəyanatının qəbulunu bloklayıb.
APA xəbər verir ki, bu barədə Sloveniyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Keçirilən məsləhətləşmələrdən sonra Sloveniya Aİ-nin 27 ölkəsinin təklif etdiyi bəyanat layihəsini dəstəkləməyib”, – deyə nazirliyin açıqlamasında bildirilib.
Nazirlik hesab edir ki, belə bir Aİ bəyanatı “əlavə fayda gətirməyəcək”.
Qeyd edək ki, Yanez Yanşa rəhbərliyində Sloveniyanın yeni hökumətinin tərkibi iyunun 4-də parlament tərəfindən təsdiqlənib. Sloveniyanın Baş naziri İsraillə bağlı siyasətə, o cümlədən Fələstinin müstəqilliyinin tanınması məsələsinə yenidən baxmaq niyyətində olduğunu dəfələrlə açıqlayıb.