Türkiyənin Qars vilayətinin Akyaka rayonunun rəhbəri İsmail Dəmirtaş Qars Vilayət Ümumi Məclisinin sədri Fuad Arslanla birlikdə Ermənistan-Türkiyə sərhədində yerləşən dəmir yolu sahəsinə baş çəkərək aparılan işlərlə tanış olub.
Bu barədə “HeberTurk” məlumat yayıb.
İsmail Dəmirtaş tikinti işlərini həyata keçirən şirkətin nümayəndəsindən layihənin hazırkı vəziyyəti, görülən işlər və icra prosesi barədə məlumat alıb. O, həmçinin ərazidə davam edən işləri izləyib və məsul şəxslərlə müzakirələr aparıb.
Məlumata görə, dəmir yolu xəttinin və Akyaka sərhəd-keçid məntəqəsinin istismara verilməsinin Akyaka rayonunda ticarətin, iqtisadiyyatın və nəqliyyat əlaqələrinin inkişafına əhəmiyyətli töhfə verəcəyi gözlənilir.
Qeyd edək ki, Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu noyabrın 10-da Ermənistanla sərhəddə həm dəmir yolu, həm də avtomobil keçid məntəqələrinin açılması üçün hazırlıqların başa çatdığını açıqlamışdı. O, prosesin Azərbaycan üçün mühüm məsələləri nəzərə alan razılaşma əldə olunacağı təqdirdə, qısa müddətdə reallaşa biləcəyini bildirmişdi.