Dünyada və Balkanlardakı enerji vəziyyəti inanılmaz sürətlə pisləşir.
APA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə Serbiya Prezidenti Aleksandar Vuçiç şənbə günü Niş şəhərində hərbçilərlə görüşdən sonra bildirib.
"Hər şey mürəkkəbləşir, Avropada 70 mlrd. kubmetr qaz qıtlığı var. Çin hər şeyi alır –
kömür alır, Afrikadan, Cənubi Amerikadan, dünyanın hər yerindən istənilən miqdarda qaz alır. Hər şey daha da mürəkkəbləşir və hər şey gözümüzün qabağında inanılmaz sürətlə baş verir. Əgər biz bunu hiss etmiriksə, bu o deməkdir ki, biz kifayət qədər ciddi və məsuliyyətli deyilik", - Serbiya lideri bildirib.
Vuçiç onu da qeyd edib ki, Balkan regionunda elektrik enerjisi ilə bağlı vəziyyət dəhşətlidir: "Dünən qonşularımızdan birinə 1 MVt-saat elektrik enerjisini 499 avroya satmışıq, bu, bizə 52 avroya başa gəldi, yəni 10 dəfə baha satdıq. Bazarda elektrik enerjisi yoxdur, onlar bizdən elektrik enerjisini 10 dəfə baha almağa məcbur oldular. Regionda – Monteneqro, Şimali Makedoniya, Albaniyada gündəlik tələb olunan həcmin 50-60%-i ilə 350-400 avroya elektrik enerjisi alırlar".