ABŞ administrasiyası Macarıstanın keçmiş Baş naziri Viktor Orbanın BMT-nin Baş katibi vəzifəsinə uyğun namizəd ola biləcəyini düşünür.
Bu barədə “The Wall Street Journal” qəzeti mənbələrinə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, Vaşinqton Orbanın BMT rəhbərliyi uğrunda mübarizəyə qoşulmasını istəyir və onun Rusiya ilə Çinin dəstəyini qazana biləcəyini hesab edir.
ABŞ Dövlət Departamentindəki mənbənin sözlərinə görə, Orban BMT Təhlükəsizlik Şurasının 15 üzvündən 10-nun dəstəyini əldə edə bilər. Onlardan səkkizinin səsini qazanmağın isə ciddi çətinlik yaratmayacağı bildirilir.
Qəzet qeyd edir ki, əsas sual Böyük Britaniya və Fransanın digər üzvlərin mövqeyinə nə dərəcədə qarşı çıxacağıdır. Nəşr bu iki ölkənin veto hüququndan istifadə məsələsinə adətən ehtiyatla yanaşdığını vurğulayır.
Dövlət Departamentindəki mənbə Orbanın ABŞ administrasiyası baxımından uyğun ideoloji mövqeyə malik olduğunu və mürəkkəb siyasi şəraitdə idarəçilik təcrübəsi qazandığını da bildirib.
Qeyd edək ki, 2017-ci ildən BMT-yə rəhbərlik edən Antonio Quterreşin səlahiyyət müddəti 2026-cı il dekabrın 31-də başa çatır.
Yeni Baş katibin seçilməsi üçün əvvəlcə BMT Təhlükəsizlik Şurası namizəd barədə tövsiyə qəbul etməli, daha sonra isə Baş Assambleya müvafiq qərar verməlidir.
Rusiya xarici işlər nazirinin müavini Aleksandr Alimov daha əvvəl bildirmişdi ki, Moskva namizədlərlə bağlı üstünlük verdiyi şəxsi açıqlamır. Onun sözlərinə görə, əsas meyar namizədin peşəkarlığı və qərəzsizliyidir.