Bank Of Baku

“Borçalı” İctimai Birliyi Marneulidə azərbaycanlı gənclərlə və ziyalılarla görüş keçirib

“Borçalı” İctimai Birliyi Marneulidə azərbaycanlı gənclərlə və ziyalılarla görüş keçirib
# 08 avqust 2013 19:57 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə-APA.  Artıq 15-gündən çox Gürcüstanda səfərdə olan “Borçalı” İctimai Birliyinin sədri Zəlimxan Məmmədli bir sıra silsilə tədbirlər keçirib, gürcü və azərbaycanlı ictimaiyyət nümayəndələri ilə, eyni zamanda azərbaycandilli məktəblərin gələcək taleyi ilə maraqlanıb, soydaşlarımızın gündəmdə olan problemlərinin həlli ilə əlaqədar Dmanisi rayon icra hakimiyyətinin rəhbərliyi ilə görüşüb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, avqustun 8-də Marneuli Məşğulluq Mərkəzində Z.Məmmədli azərbaycanlı gənclərin mövcud problemlərindən və qarşıda duran vəzifələrdən də söhbət açıb. Görüşdə Gürcüstandakı gürcü ali məktəblərdə və Türkiyədə təhsil alan tələbələr, QHT rəhbərləri iştirak edib.

 

Tədbirdə çıxış edən Z.Məmmədli gənclərlə bağlı, ümumiyyətlə Borçalı ilə əlaqədar bir çox layihələr həyata keçiriləcəyini bildirib: “Gürcüstanda artıq “Borçalı” cəmiyyətinə olan soyuq münasibət  əriməyə başlayıb: “Biz separatçılığın əleyhinəyik. Biz soydaşlarımızı Gürcüstanı sevməyə, onun dövlətçiliyini dəstəkləməyə, dilini öyrənməyə çağırırıq. Bizim Gürcüstanla bağlı layihələrimiz çox olacaq”.

 

Z.Məmmədli noyabrın əvvəlində Bakıda “Svan gecəsi” keçiriləcəyini bildirib.

 

Görüşdə çıxış edən Gürcüstan Aşıqlar Birliyinin sədri Osman Əhmədoğlu gəncliyin çox böyük işartılarını gördüyünü bildirib. Tədbirdə QHT rəhbərlərindən Səbinə Talıbova, gənc hüquqşünas Aqil Məmmədov, tələbələrdən Emin Yadigarov, Adil Xasməmmədov, Vüsal Namazov və başqaları 1+4 proqramı ilə gənc soydaşlarımızın gürcü ali məktəblərə qəbulu zamanı üstünlük əldə etməsindən, ixtisas seçimindən, bölgədə azərbaycandilli kadrların və dərsliklərin çatışmazlığından, məktəblərimizin bağlanılması təhlükəsindən, inteqrasiya problemlərindən və bu gün yetişən gəncliyin sağlam ideologiyaya sahib olmasından, mənəvi dəyərlərimizdən, Gürcüstan üçün faydalı iş görmək naminə gəncliyə dəstəyin vacibliyindən və soydaşlarımızın problemlərinin həllindən söhbət açıblar.

 

Həmin gün “Borçalı” İB-nin sədri Zəlimxan Məmmədli Azərbaycanlıların Mədəniyyət Mərkəzində (AMM) ziyalılarla da görüş keçirib. Ziyalılarla görüşdə 300-dən çox gənc soydaşlarımızın gürcü ali məktəblərinə qəbul olunduğu bildirilib. Qeyd olunub ki, gürcü ali məktəblərinə qəbulda Ermənistanla sərhəddə yerləşən azərbaycanlıların yaşadığı Sadaxlı və Yırğançay kəndlərdən olan gənclər üstünlük təşkil edir. Ziyalılarla görüşdə çıxış edən AMM-in sədri Fazil Həsənov, “Borçalı” İB-nin Gürcüstan nümayəndəliyinin rəhbəri İsrafil Bayramov, ziyalılardan Mikayıl Mustafayev, Osman Əhmədoğlu və başqaları Borçalı əsilli iş adamlarının ata-baba torpaqlarına investisiya yatırılmasının vacibliyindən, miqrasiya problemlərindən, azərbaycandilli məktəblərin yarıiflic vəziyyətdə olmasından, xeyriyyəçilik tədbirlərinin zəif olmasından, Azərbaycan mədəniyyətinin və folklorunun təbliğindən söhbət açılıb.

 

Z.Məmmədli azərbaycanlıların kompakt yaşadığı Dmanisidə bir boşluq yarandığını, bölgəyə investisiyanın cəlb olunmadığını vurğulayıb: “Gələcəkdə Dmanisinin Armudlu kəndindən Türkiyəyə qədər uzanacaq yol  layihəmiz olacaq və bu yol Türkiyəni Azərbaycanla birləşdirəcək. Borçalı Dmanisidən (Başkeçiddən) başlayır. Burada maldarlığı yüksək səviyyədə inkişaf etdirmək olar. Bu bölgədə gəncliyin inkişafı üçün müsbət işlər görülmür. Buna baxmayaraq, bu il bölgədən 60 nəfər gənc Gürcüstanın müxtəlif ali məktəblərinə qəbul olunub”, deyə Z.Məmmədli bildirib.

 

Görüş diskussiya şəraitində davam edib. Diskussiyada soydaşlarımızın yaşadığı bölgələrdən Azərbaycan bazarına kənd təsərrüfatı və ət və süd məhsullarının maneəsiz aparılması üçün gömrükdə şəraitin yaradılması ilə bağlı əlaqədar təşkilatların kömək göstəriməsi barədə fikir mübadiləsi aparılıb.

 

Görüşdə “Borçalı” İB-nin nəzdində fəaliyyət göstərən “Dədə Camal” Məclisinin Borçalıda keçirilməsi qərara alınıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR