Bakı-APA. Almaniyanın Federal prokurorluğu “Netzpolitik.org”-un müxbiri Andre Mayster və saytın baş redaktoru Markus Bekedalın peşə fəaliyyəti ilə bağlı araşdırmalara başlayıb.
APA-nın məlumatına görə, bu barədə “The Guardian” qəzeti yazıb.
Almaniya Ali Məhkəməsinin rəsmisi Harald Ranqenin sözlərinə görə, araşdırma Almaniya xüsusi xidmət orqanlarının şikayəti əsasında aparılır. Səbəb kimi fevralın 25-i və aprelin 15-də saytda dərc edilən məqalələr göstərilir. Məqalələrdə bildirilib ki, Konstitusiyanın qorunması üzrə Federal İdarə internet saytlara nəzarət etmək üçün əlavə maliyyə vəsaiti tələb edib, həmçinin İdarədə sosial şəbəkələrin izlənməsi üçün şöbə yaradıb.
Hazırda Prokurorluq məqalələrdə dövlət sirri yayılıb-yayılmadığını araşdırır. Harald Ranqe qeyd edib ki, araşdırma KİV azadlığının rifahı naminə aparılır.