Bolnisi. Nizami Məmmədzadə - APA. “Məni gürcü dilini bilmədiyimə görə işdən azad etmək istəyirlər.”
APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə APA-nın Gürcüstan bürosuna açıqlamasında Bolnisi Rayon İcra Hakimiyyəti başçısının azərbaycanlı müavini Xaləddin İsmayılov bildirib. X. İsmayılov deyib ki, Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini iki həftədir icra edən Murman Quraşvili bu gün onun işdən azad olunması ilə bağlı əmr imzalamaq istəyir: “Gürcü dilini 20-30 faiz bilirəm. İşimin öhdəsindən gəlirəm. Bu gün mədəniyyət və sosial şöbə müdirinə ərizə yazdırıblar ki, mən müavin kimi onlara problemlər yaradıram”.
Qeyd edək ki, hazırda Bolnisi icra hakimiyyəti binası qarşısında etiraz aksiyası keçirilir. Bir qrup şəhər sakini, yerli bələdiyyə üzvləri rayon bələdiyyə sədrinə etiraz edir və işdən azad olunmasını tələb edirlər.
Etiraz aksiyası keçirilən ərazidə polis əməkdaşları toplaşıb.