APA-nın Gürcüstan bürosunun xəbərinə görə, aksiyada iştirak edən 80-ə yaxın şəxs İcra Hakimiyyəti rəhbərlərinin, bələdiyyə sədri və deputatların binaya daxil olmasına mane olublar.
Rəhbər şəxslər polisin müdaxiləsindən sonra iş yerlərinə daxil ola biliblər.
Bolnisi rayon İcra Hakimiyyəti başçısının müavini Xaləddin İsmayılov APA-ya açıqlamasında deyib ki, dünən Bolnisi bələdiyyəsinin fəaliyyətindən narazı qalan 13 bələdiyyə üzvü bələdiyyəyə etimadsızlıq ərizəsi təqdim edib: “Bu gün isə bələdiyyə sədrinə qarşı piket keçirilir. Bolnisi İcra Hakimiyyətinin qarşısında özbaşınalıq edilib. Səhər bizim qarşımızı kəsib, işə buraxmaq istəmirdilər. Polisin müdaxiləsindən sonra binaya daxil ola bildik. Dünən bir qrup şəxs bələdiyyə üzvlərinə hücum çəkib. Onlar evlərinə polisin köməyi getdilər. Bu gün isə bələdiyyə üzvləri işə gəlməyiblər”.
Qeyd olunub ki, bələdiyyənin 22 üzvündən 13-ü (onların 8-i azərbaycanlıdır) bələdiyyə sədri Malxaz Eradzenin istefasını tələb edirlər.
Hazırda rayon icra hakimiyyəti binası qarşısında aksiya davam edir. Rayona ətraf bölgələrdən polis qüvvələri çağırılıb.