Əhməd Davudoğlu: "İŞİD yer üzündən tam silinənə qədər birgə mübarizə aparacağıq" - YENİLƏNİB - VİDEO

Əhməd Davudoğlu: "İŞİD yer üzündən tam silinənə qədər birgə mübarizə aparacağıq"  - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">VİDEO
# 01 avqust 2015 10:59 (UTC +04:00)

Bakı. Faiq Mahmudov - APA. “Terror təşkilatlarının Türkiyəyə qarşı törətdiyi əməllər cəzasız qalmayacaq”.

 

APA-nın Anadolu Agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu “Washington Post” qəzetində dərc olunan məqaləsində yazıb.

 

Türkiyənin cənub sərhədlərinin milli təhlükəsizliyinə təhdidlərin olduğunu qeyd edən Ə. Davudoğlu legitimliyini itirmiş Dəməşq rejimi ilə İŞİD terror təşkilatının barbarlıq yarışına girməsi nəticəsində Suriyada yüz minlərlə insanın öldüyünü, 2 milyonu Türkiyədə olmaqla, milyonlarla insanın ev-eşiklərindən didərgin düşdüyünü xatırladıb.

 

Baş nazir İŞİD terror qruplaşmasının regionda qarışıqlıq yaratdığını, PKK terrorçularının da yaranmış vəziyyətdən öz məqsədlərinə çatmaq üçün vasitə kimi istifadə etdiyini vurğulayıb.

 

“Görünən odur ki, sanki xaos və anarxiya dövrü başlayıb. Lakin unutmaq lazım deyil ki, hər qaranlıq gecənin bir gündüzü var, ən zülmət gecələrdən sonra belə günəşli günlər gəlir. Baş verənlərin öhdəsindən gəlməkdə aciz deyilik. İŞİD yer üzündən tamam silinənə qədər birgə mübarizə aparacağıq”, - deyə Ə. Davudoğlu məqaləsində yazıb.

 

İŞİD çirkin niyyətini ortaya qoyan andan Türkiyənin onunla kəskin mübarizəyə başladığını qeyd edən Ə. Davudoğlu Türkiyədən başqa heç bir NATO ölkəsinin bu terror təşkilatı ilə həmsərhəd olmadığını bildirib.

 

Baş nazir ABŞ-la ən yüksək səviyyədə əldə olunmuş razılığın müttəfiqlərlə birlikdə terrorçulara qarşı daha təsirli mübarizə imkanı verəcəyini qeyd edib: "Sərhədlərimizi “İŞİD” terrorçularından təmizləməklə biz mənfur terrorçuları yer üzündən silməklə yanaşı, həmçinin Əsəd rejimi və İŞİD-ə qarşı vuruşan suriyalı “mülayim” müxaliflərə kömək etmiş olacağıq”.

 

O, əvvəllər olduğu kimi ABŞ-la qarşılıqlı fəaliyyət göstərərlərsə, regionda gərginliyin azaldılmasına və sabitlik üçün zəmin yaradacaqlarına inandıqları üçün bu razılığa gəldiklərini qeyd edib.

 

Ə. Davudoğlu ABŞ tərəfindən də terrorçu təşkilat kimi tanınan PKK-nın İŞİD-lə eyni kökə və ideologiyaya sahib olmamaqla yanaşı, Suriyadakı vəziyyətdən istifadə edib mövqelərini gücləndirmək üçün bir daha terrora əl atdığını deyib.

 

Baş nazir Türkiyəni hədəf alan terrorçu təşkilatların cəzasız qalmayacağını bildirib: “Türkiyəni hədəf alan terrorçu təşkilatlar bilməlidir ki, əməlləri cəzasız qalmayacaq, beynəlxalq qanunlar çərçivəsində onların törətdiyi əməllərə tam qətiyyətlə cavab verəcəyik. Bu, çözüm axtarışlarının sona çatdığı mənasına gəlmir. Tam əksinə, Türkiyədə yeni hökumət qurulanda, məntiqli bir həll yolu tapmaq üçün ən sürətli şəkildə məsələni irəli aparmaqda qərarlıyam. PKK terroru dayandırmalı və silahlı ünsürlərini Türkiyədən çıxarmalıdır”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR