Bakı. Türbət Bağırova - APA. Fransa xarici işlər naziri Loran Fabius ölkəsinin Türkiyənin Bodrum şəhərindəki fəxri konsulu Fransuaz Olsenin müvəqqəti geri çağırılması barədə qərar qəbul edib.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Fransa Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bildirib.
Məlum olub ki, “France 2” müxbirinin fəxri konsulla gizli kameraya çəkilmiş müsahibəsi zamanı diplomat Bodrumda qeyri-qanuni miqrantlara xilasedici jiletlər və qayıqlar satan mağazanın sahibi olduğunu, onların Yunanıstana keçirilməsində iştirak etdiyini, eləcə də yerli hakimiyyət orqanlarının bu məsələlərdən xəbərdar olduğunu etiraf edib.
Fransa XİN-in rəsmi nümayəndəsinin sözlərinə görə, deyilənlər təsdiqini tapsa, F. Olse fəxri konsul vəzifəsindən uzaqlaşdırılacaq.
Qeyd edək ki, F. Olse bu vəzifəyə 2014-cü ilin oktyabrında təyin olunub.