APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu sözləri Gürcüstanın baş nazirinin müavini, iqtisadiyyat və sabit inkişaf naziri Giorgi Kvirikaşvili jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, hökumət bu istiqamətdə müxtəlif layihələrin həyata keçirilməsi üçün məqsədyönlü işlər aparır.
G. Kvirikaşvili əsas layihələrdən biri olan "Yeni böyük İpək Yolu" layihəsi çərçivəsində Gürcüstanın nəqliyyat funksiyasının artacağını bildirib. Nazir layihə çərçivəsində yük qatarının Çindən Avropaya 9 günə çatacağını bildirib. G. Kvirikaşvili qeyd edib ki, yeni İpək Yolunun layihəsinin həyata keçirilməsi ilə bağlı fond yaradılıb və ilkin kapital qoyuluşu 40 milyard dollar təşkil edir. Nazir vurğulayıb ki, 4 əsas iri layihələrdən olan Anakli dərinözüllü limanı, Bakı-Tiflis-Qars dəmir yolu, Tiflis aeroportunda yeni uçuş-enmə zolağı tikintisi və Gürcüstan dəmir yolunun modernləşdirilməsi layihələri Avropa və Asiya dəhlizinin potensiyalını artıracaq: "Anakli limanının tikintisi üçün artıq tender elan olunub və limanı tikəcək şirkətin adı yaxın aylarda məlum olacaq. "Bakı-Tiflis-Qars" dəmir yolunun istismara verilməsindən sonra Anakli limanının yük götürmə gücü 5 milyon ton artacaq," nazir bildirib.
G. Kvirikaşvilinin sözlərinə görə, Gürcüstanın dəmir yolu infrastrukturunun modernləşdirilməsi layihəsinin dəyəri 260 milyon İsveç frankı təşkil edir və layihə 2019-cu ildə sona çatacaq, həmçinin gələcəkdə Gürcüstan dəmir yolunun yük götürmə potensiyalı 100 milyon tona çatacaq. Gürcüstanın nəqliyyat və infrastruktur layihəsinin qurulmasına Dünya Bankı yardım göstərəcək və ekspertlərin iştirakı ilə 3 loqistik mərkəz təyin olunacaq.