Tiflis. Nizami Məmmədzadə-APA. Gürcüstan prezident administrasiyasının təşəbbüsü və dəstəyi ilə mart-iyun ayları ərzində həyata keçirilən "Biz dövlət dilini öyrənirik!" layihəsinə yekun vurulub. APA-nın Gürcüstan bürosunun məlumatına görə, ölkənin müxtəlif regionlarında həyata keçirilən layihədə etnik azlıqların nümayəndələri, o cümlədən azərbaycanlılar da iştirak edib.
Gürcüstanın prezident sarayında baş tutan tədbiri prezidentin etnik azlıqların məsələləri üzrə müşaviri Sofiya Şamanidi açaraq layihənin əhəmiyyətindən danışıb. Sonra layihə koordinatoru Yekaterina Kobaxidze, Gürcüstanın Barışıq və Vətəndaş Bərabərliyi məsələləri üzrə dövlət nazirinin birinci müavini Ketevan Tsixelaşvili, prezident administrasiyasının rəhbəri David Pataraia, İvane Cavaxişvili adına TDU-nun rektoru Vladimir Papava, Marneuli rayon icra hakimiyyətinin başçısı Merab Topçişvili, dinləyici Vaqif Süleymanov çıxış edərək Gürcüstanda dövlət tərəfindən həyata keçirilən gürcü dilinin öyrədilməsi təşəbbüslərini alqışlayaraq, pilot proqramların azərbaycanlıların yaşadığı bölgələrdə həyata keçirilməsinin vacibliyini vurğulayıblar.
Sonda "Biz dövlət dilini öyrənirik!" layihəsinin dinləyicilərinə sertifikatlar verilib, dinləyicilər haqqında film nümayiş etdirilib.
Tədbirdə Gürcüstanın Barışıq və Vətəndaş Bərabərliyi məsələləri üzrə dövlət nazirliyinin rəsmiləri, Marneuli rayonundan olan məktəb müəllimləri və gənclər, həmçinin jurnalistlər iştirak edib.
Layihənin koordinatoru olan İvane Cavaxişvili adına Tiflis Dövlət Universitetinin professoru Yekaterina Kobaxidze APA-ya açıqlamasında azərbaycanlıların kompakt yaşadığı 20 kənddə layihənin həyata keçirildiyini bildirib: "TDU-nun müəllim və professor heyətinin iştirakı ilə həyata keçirilən layihədə 1066 azərbaycanlı iştirak edib. Biz çox gözəl nəticələr əldə etmişik, çünki dinləyicilərin yarısından çoxu müxtəlif testləri cavablandırıblar və onlara sertifikatlar verilib. Ümid edirik ki, bu proqram davamlı olacaq, çünki yerli əhalinin dövlət dilini öyrənmək üçün marağı var. Məhz buna görə də biz sentyabr ayında 18 yaşından 75 yaşınadək arzu edən şəxsləri gürcü dilini öyrənməyə dəvət edirik", deyə professor bildirib.
Gürcüstanın prezident administrasiyasının rəhbəri David Pataraia bildirib ki, bütün Gürcüstan vətəndaşları, o cümlədən azərbaycanlılar da dövlətçiliyin qurulması naminə dövlət dilinin öyrənilməsinə maraq göstərirlər: "Biz prezident administrasiyası olaraq, bu təşəbbüsləri həmişə dəstəkəyir və vətəndaşlarımızın dövlət dilinin öyrədilməsi layihəsinə təkan veririk. Dövlət dilinin öyrədilməsi Azərbaycan dilinə heç vaxt təsir etmir və dövlətimiz həmvətənlərimizin mədəniyyətinin inkişafına kömək edir", deyə D. Pataraia vurğulayıb.