Bakı-APA. İspaniyadakı dəhşətli qatar qəzası ilə bağlı yeni təfərrüatlar ortaya çıxıb. Məlum olub ki, qatarın maşinisti qəzadan iki dəqiqə əvvəl sürətin azaldılması ilə bağlı üç avtomatik xəbərdarlığa məhəl qoymayıb. APA-nın verdiyi xəbərə görə, məlumatı “Assoşieyted Press” müstəntiqlərin bəyanatına istinadən yayıb.
Sürətinin kəskin azaldılmalı olduğu əraziyə yaxınlaşmaqla bağlı ilk xəbərdarlıq siqnalı maşinist nəzarətçi ilə telefonla danışan vaxt gəlib. "Qara qutu"nun qeydlərinə görə, son xəbərdarlıq qatarın relsdən çıxdığı döngəyə çatmağa 250 metr qalmış edilib.
Həmin vaxt qatar saatda 195 kilometr sürətlə hərəkət edirmiş. 4 saniyə sonra maşinist əyləcdən istifadə edib. Lakin ona qədər vaqonlar artıq relslərdən ayrılmağa başlayıbmış və qəza baş verən an qatarın sürəti saatda 179 kilometr olub. Halbuki, həmin ərazidə icazə verilən maksimal sürət saatda 80 kilometrdir.
Ötən bazar maşinist Xose Qarson hakim tərəfindən dindirilib və pasportu alınmaqla azadlıqda qalması barədə qərar verilib. Maşinist istintaq müddətində hər həftə məhkəməyə getməlidir. Xose Qarson sürəti niyə əvvəlcədən azaltmamasının səbəblərini izah edə bilmir.
Xatırladaq ki, qatar qəzası iyulun 24-də baş verib. Madriddən Ferrol şəhərinə gedən qatarın vaqonları aşıb, onlardan biri tamamilə dağılıb. Son məlumatlara görə, qəza nəticəsində 79 nəfər həlak olub, 140 adam xəsarət alıb.