Gürcüstan. Nizami Məmmədzadə-APA. Bu gün Gürcüstanın energetika naziri Kaxa Kaladze Qərbi Gürcüstanın İmereti bölgəsindəki Samtredia rayonunda Çaqani kəndinin qazlaşdırmasının gedişi ilə tanış olub. APA-nın Gürcüstan bürosunun gürcü mətbuatına istinadən verdiyi məlumata görə, qaz çəkilişini SOCAR Gaz Georgia həyata keçirir. Şirkət, eyni zamanda Rioni çayının sol sahilində yerləşən bir neçə kənddə də qazlaşdırma həyata keçirir.
Layihə çərçivəsində 100 km qaz xətti çəkilməyi planlaşdırılıb və bu da ümumi şəbəkəyə 4.500 potensial abonentin qoşulmasına imkan verəcək. Qazlaşdırma bu ilin sonunadək başa çatacaq.
Nazirlik və qazpaylama şirkətin birgə hazırladıqları plana əsasən, 2014-cü ilin sonunadək Gürcüstanda 86 min ailə qazla təmin olunacaq. Daha 252 kənd qazlaşdırılacaq və yeni infrastruktur yaradılmasına on milyonlarla lari sərmayə xərclənəcək.
Qeyd etmək lazımdır ki, SOCAR əhaliyə ümumi şəbəkəyə qoşulmaq üçün müəyyən vaxt müddəti də verir.