Bakı. Cavid Zeynalov – APA. Oktyabrın 4-dən 6-dək Polşanın Lyublin şəhərində "Şərq tərəfdaşlığı üçün mədəniyyət" mövzusunda konqres keçiriləcək.
APA-nın məlumatına görə, tədbirdə Avropa İttifaqı və qurumun "Şərq tərəfdaşlığı" proqramının əhatə etdiyi ölkələr üzrə ümumi mədəni məkanın yaradılması məsələləri müzakirə ediləcək. Konqres "Şərq tərəfdaşlığı" proqramının iştirakçıları olan ölkələrin mədəniyyət dünyası nümayəndələri üçün yaradıcılıq və fikir mübadiləsi məkanına çevriləcək.
Konqresdə mədəniyyətdə dəyişikliyə can atan, sosial-mədəni animasiya və incəsənət sahəsində fəaliyyət üçün yeni formalar axtaran incəsənət nümayəndələri, intellektuallar, mədəniyyət təşkilatçıları iştirak edəcəklər.
Tədbirdə "Şərq tərəfdaşlığı" mədəni əməkdaşlıq şəbəkəsi Forumunun yaradılması planlaşdırılır. Avropa İttifaqı və "Şərq tərəfdaşlığı" proqramı ölkələrindən mədəniyyət sahəsində təcrübəsi olan şəxslər və mədəniyyət təşkilatlarının görüşünə imkan yaradan bu şəbəkə müstəqil mədəniyyət və qeyri-kommersiya təşkilatları nümayəndələrini, ayrı-ayrı fəal və yaradıcı insanları birləşdirəcək.