APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, Diyarbəkir əyalətində polis əməkdaşlarına hücum edən naməlum şəxs əl qumbarası atıb. Partlayış nəticəsində 7 polis yaralanıb. Hakkaridə isə əldəqayırma partlayıcı qurğunun işə salınması nəticəsində 3 polis yaralanıb. Yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirilir.
Məlumata görə, daha bir polis PKK terrorçuları olduğu ehtimal edilən naməlum şəxslər tərəfindən girov götürülüb. Diyarbəkir –Bingöl magistral avtomobil yolu ilə hərəkətdə olan polis əməkdaşının avtomobili silahlılar tərəfindən yolda saxlanılıb. Silahlılar polisin ailə üzvlərini sərbəst buraxıblar, özünü isə girov götürərək naməlum istiqamətdə aparıblar.