Rusiyanın Ukraynanın 12 vilayətinə endirdiyi zərbələr nəticəsində ümumilikdə 5-i uşaq olmaqla 34 nəfər yaralanıb, 2 nəfər ölüb.
APA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” kanalında yazıb.
Onun sözlərinə görə, hücumlar zamanı ümumilikdə 21 ballistik raketdən istifadə olunub. Nəticədə Kiyevdə çoxsaylı zərbələr və dağıntılar qeydə alınıb.
“Adi yaşayış binaları, enerji obyektləri, vağzallardan birinin və metronun infrastrukturu, ticarət mərkəzləri, müəssisələr zərbələrə məruz qalıb. Zədələnən obyektlər arasında hətta monastır da var”, - Zelenski bildirib.
Ukrayna Prezidenti qeyd edib ki, fövqəladə hallar xidmətlərinin əməkdaşları bütün ərazilərdə işlərini davam etdirirlər.
Zelenski hücumun Rusiya ilə növbəti danışıqlardan dərhal sonra həyata keçirildiyini bildirib.
“Faktiki olaraq, növbəti danışıqlardan dərhal sonra Rusiya nümayişkaranə zərbə endirdi. Bu, onun baş verənlərə münasibətində real dəyişikliklərin olmadığını göstərir”, - Ukrayna Prezidenti vurğulayıb.