Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynanı ərazilərindən imtina etməyə məcbur etmək cəhdlərini böyük səhv adlandırıb.
APA xəbər verir ki, onun sözlərinə görə, Kiyevin ərazi və digər güzəştləri hesabına müharibənin başa çatdırılması ABŞ da daxil olmaqla, hər kəs üçün ədalətsizlik olardı.
“Al Jazeera” telekanalına müsahibəsində Zelenski qeyd edib ki, ABŞ prezidenti Donald Trampın müharibəni başa çatdırmaq səylərini davam etdirməsini istəyir, lakin sülhün bütün yükünün yalnız Ukraynanın üzərinə qoyulmasını qəbul etmir.
Ukrayna liderinin sözlərinə görə, Kiyev hazırkı təmas xətti boyunca atəşkəsə razıdır. Bu, hərbi əməliyyatların mövcud mövqelərdə dayandırılması və diplomatik danışıqlara başlanması deməkdir. O, bu addımı böyük güzəşt adlandırıb.
“Gəlin burada dayanaq və diplomatiyaya keçək. Təmas xətti boyunca atəşkəs təklif edirik. Bu, güzəştdirmi? Əlbəttə, çox böyük güzəştdir”, – Zelenski bildirib.
Bununla belə, o vurğulayıb ki, Ukrayna Rusiyanın işğal etdiyi əraziləri öz ərazisi kimi tanımaqdan imtina etməyəcək. Zelenskinin sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin Ukrayna ərazilərindən qoşunlarını çıxarmağa hazır olduğunu nümayiş etdirməyib. O, Kiyevin ərazi güzəştlərinə gedəcəyi təqdirdə Moskvanın daha da irəliləməyə cəhd göstərə biləcəyini də istisna etməyib.
Zelenski ABŞ-ın müharibənin başa çatmasında səmimi olaraq maraqlı olduğuna inandığını bildirib. Bununla yanaşı, o, Vaşinqtonu Moskvaya qarşı təzyiqləri artırmağa, yeni sanksiyalar tətbiq etməyə və Ukraynaya böyük həcmdə əlavə hərbi yardım paketi ayırmağı nəzərdən keçirməyə çağırıb.
Ukrayna prezidenti həmçinin yanvarın 3-də fəaliyyətə başlayacaq ABŞ Konqresinin yeni tərkibindəki demokratlarla birbaşa işləyəcəklərini bildirib. Onun sözlərinə görə, əsas məqsəd Ağ Ev və Konqres vasitəsilə Putini müharibənin başa çatdırılması ilə bağlı danışıqlara məcbur etməkdir.
Müsahibəsində Rusiyanın Ukraynanın enerji infrastrukturuna qarşı qışdan əvvəl genişmiqyaslı hücuma hazırlaşdığını da deyən Zelenski Rusiya hərbi gəmilərini qanuni hədəf hesab etdiklərini bildirib.
O, həmçinin Liviyada Rusiya gəmilərinə qarşı hücumlarla bağlı məsələyə toxunub. Zelenski Ukraynanın Liviyanın suverenliyinə hörmət etdiyini, ölkənin əhalisini və limanlarını hədəf almadığını vurğulayıb.