20 Yanvar - tariximizin şərəf və qəhrəmanlıq səhifəsi

20 Yanvar - tariximizin şərəf və qəhrəmanlıq səhifəsi

Azadlıq mücahidlərimizin faciəsindən xalqımızı 30 illik zaman fasiləsi ayırır. Azərbaycan xalqı zaman-zaman ağır faciələrlə üzləşib, hədsiz haqsızlıqlarla qarşılaşıb. Başımıza gətirilən belə faciələrdən biri də qanlı 20 Yanvar faciəsidir.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən, müstəqil dövlət yaratmaq və öz suverenliyini əldə etmək üçün ayağa qalxan geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı.

Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.

Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi Mixail Qorbaçov başda olmaqla cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan Azərbaycan xalqının həm də mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirdi.

Bu qanlı cinayət insanların azadlıq eşqini söndürə bilmədi, xalqımız qanı bahasına olsa da öz dövlət müstəqilliyinə qovuşa bildi.

Biz azərbaycanlılara qarşı törədilmiş cinayət əslində bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli terror aktıdır. Bu faciədə 131 nəfər şəhid olub, 744 nəfər yaralanıb və xəsarət alıb, 4 nəfər itkin düşüb, 400-dən çox şəxs isə qanunsuz olaraq həbs edilib, nəticədə insan hüquqlarına dair bir çox beynəlxalq sənədlərin, o cümlədən Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin tələbləri kobudcasına pozulub.

Hadisənin səhəri günü Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn ümummilli lider Heydər Əliyev keçirdiyi mətbuat konfransında bu vəhşiliyi kəskin şəkildə pisləyib, əliyalın xalqa qarşı törədilən terroru hüquqa, demokratiyaya, insanlığa zidd aksiya adlandırıb.

Vətən uğurunda şəhidlik əsl qeyrət, hünər, şərəf və ləyaqət zirvəsidir. 20 Yanvar şəhidlərinin qəhrəmanlığı Azərbaycan xalqı üçün, Azərbaycan gəncləri üçün örnəkdir. Azərbaycanın bugünkü nəsli də, gələcək nəsilləri də bu şəhidlərin qəhrəmanlığından nümunə götürəcəklər. Azərbaycan xalqı milli azadlığını, müstəqilliyini qorumaq üçün daim mübarizədə olacaqlar. Daim qəhrəmanlıq nümunələri, vətənpərvərlik nümunələri göstərəcəklər. Ona görə də bu şəhidlərin həlak olması bizim üçün nə qədər qəm-qüssə doğurursa, nə qədər ağır itkidirsə, o qədər də xalqımız üçün qəhrəmanlıq nümunəsi kimi, örnək kimi bizim milli sərvətimizdir, milli iftixarımızdır .“Şəhidlər ölməzdir, ölməzi ağlamazlar” onları qəlbimizdə yaşatmaq, gələcək nəsillərmizə təbliğ etmək bizim hər birimizin vətəndaşlıq borcumuzdur.

Milli Məclisin 1994-cü ilin fevralında keçirilən xüsusi sessiyasında 1990-cı il yanvarın 20-də günahsız insanların qəddarcasına qətlə yetirilməsi hərbi təcavüz və cinayət kimi qiymətləndirilib, müzakirələrin yekunu olaraq həmin ilin martında “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul edilib.

“Şəhidlər ölmür, onlar bizim qəlbimizdə əbədi yaşayırlar”, - deyən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, o cümlədən onların ailələrinin sosial müdafiəsinin gücləndirilməsini daim diqqət mərkəzində saxlayır, bu istiqamətdə mühüm tədbirlər həyata keçirilir. 2006-cı il yanvarın 19-da ölkə başçısının fərmanı ilə 20 Yanvar şəhidlərinin ailələri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilib. Dövlət başçısının Şəhidlər Xiyabanı kompleksinin yenidən qurulması ilə bağlı sərəncamı Vətən şəhidlərinin xatirəsinə ehtiramın daha bir nümunəsinə çevrildi. 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi istiqamətində daha bir addım metronun “20 Yanvar” stansiyasının üzərindəki dairədə xatirə kompleksinin yaradılması oldu. 2010-cu il yanvarın 20-də Bakının Yasamal rayonundakı “20 Yanvar” dairəsində memorial abidə kompleksinin açılışı şəhidlərimizə verilən dəyərin bariz nümunəsidir.

Milli birlik və vətənpərvərliyin simvoluna çevrilmiş 20 Yanvar faciəsi xalqımızın öz suverenliyi uğrunda apardığı mübarizənin şərəfli tarixidir. Hər il faciənin ildönümündə milyonlarla insan paytaxtın ən yüksək nöqtəsində salınan Şəhidlər Xiyabanını ziyarət edir, qəhrəmanlarının xatirəsini anırlar.

Fransız  filosof, “Egzistensializmin” banisi Jan Pol Sartrın “Azad olmaq - özün kimi olmaq deməkdir” ifadəsi tam bu anda yerinə düşür. Azadlıq uğrunda savaş kimi yaddaşlara hopmuş 20 Yanvarın ən böyük dərsi budur ki, hər hansı təhlükə qarşısında xalq öz birlik, azadlıq eşqi üçün canından keçməyə hazır oldu, igid Vətən övladları canları, qanları bahasına gələcək müstəqilliyin təməlini qoydular.

Biz gənclərin üzərinə düşən əsas öhdəlik şəhidlərimizi, qəhrəmanlarımızı daima ehtiramla yad etmək, xalqımıza qarşı törədilən faciələri, soyqırımları unutmamaq və hər zaman Vətən uğrunda canından keçməyə hazır olan bir millətin övladları olduğumuzu dərk etməkdir. 

Görkəmli Azərbaycan şairi Abbas Səhhətin “Vətən” şeirində çox gözəl vurğulayıb: Vətənin sevməyən insan olmaz, Olsa ol şəxsdə vicdan olmaz!

20 Yanvar şəhidləri də məhz bu şeirdə deyildiyi kimi, Vətənini dərin məhəbbətlə sevən əsl vicdanlı insanlar idilər. Buna görə də öz canlarını Vətən, xalqımızın işıqlı gələcəyi uğrunda fəda etdilər.

Bu mənada biz 20 Yanvarı həm də cəsurluq, igidlik, qəhrəmanlıq və milli birlik rəmzinə çevirməli, onu gələcək nəsillərə bu şəkildə təqdim etməyi özümüzə borc bilməliyik.

İstiqlal şairi Xəlil Rza Ulutürk “Azadlıq” adlı şeirində 20 Yanvar şəhidlərinin hansı müqəddəs amal uğrunda canlarını qurban verdiklərini çox ustalıqla qeyd edib:

Azadlığı istəmirəm

Zərrə-zərrə, qram-qram

Qolumdakı zəncirləri qıram gərək

Qıram! Qıram!

Azadlığı istəmirəm

Bir həb kimi, dərman kimi

İstəyirəm səma kimi,

Günəş kimi,

Cahan kimi:

Çəkil, çəkil ey qəsbkar:

Mən bu yurdun gur səsiyəm:

Gərək deyil sısqa bulaq,

Mən ümmanlar təşnəsiyəm.

OXŞar BLOQLAR
Məqalə göndər

APA Bloq nədir?

APA İnformasiya Agentliyi ekspertlərə, ictimai şəxslərə, gənc mütəxəssislərə fikirlərini bölüşmək, rəylərini paylaşmaq üçün platforma təklif edir. Dünyanın tanınmış informasiya agentliklərinin trendi olan “Bloq” artıq APA-da da var. “APA Bloq”da hər bir tanınmış şəxs Azərbaycan qanunvericiliyini və beynəlxalq konvensiyaları inkar etməyən fikrini, rəyini, təhlilini yerləşdirə bilər. “APA Bloq” Azərbaycan, rus və ingilis dillərində məqalələrin, ekspert rəylərinin yayılması üçün yaradılmış platformadır. Platformadan istifadə edəcək şəxslər özləri barədə kiçik avtobioqrafik məlumatı, foto şəkillərini və məqalələrini “APA Bloq”a göndərə bilərlər. Məqalələr platformanın redaktorları tərəfindən rəy verildikdən sonra bloqda əksini tapacaq.