Apelyasiya Şuraları: Sahibkarların müraciətlərinə xüsusi diqqətin göstəricisi

Apelyasiya Şuraları: Sahibkarların müraciətlərinə xüsusi diqqətin göstəricisi

Bu yazımızda Azərbaycan Respublikasında sahibkarlığa dövlət dəstəyini ehtiva edən və sahibkarların müraciətlərinə xüsusi diqqətlə yanaşıldığını göstərən Apelyasiya Şuraları barədə qeyd edəcəyik.

Mövzuya keçməzdən əvvəl qeyd etmək yerinə düşərdi ki, ölkə başçısı tərəfindən verilmiş müvafiq fərmanlarla həm mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, həm də dövlətə məxsus olan (paylarının (səhmlərinin) 51% və daha çoxu birbaşa və ya dolayısı ilə dövlətə məxsus) hüquqi şəxslərdə apelyasiya şuralarının yaradılması və həmin şuraların fəaliyyəti tənzimlənmişdir.

Apelyasiya Şurası kollegial orqan kimi (bir neçə şəxs tərəfindən təşkil olunan orqan) fiziki və hüquqi şəxs olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin müvafiq qurumların (həmçinin həmin qurumlara tabe idarə və müəssisələrin) qərarlarından, hərəkət və hərəkətsizliyindən edilmiş yazılı şikayətlərə baxmaqla ictimai əsaslarla fəaliyyət göstərir.

Müraciətlər bir qayda olaraq sahibkarlıq fəaliyyəti göstərən şəxsin bu fəaliyyəti ilə bağlı olmalıdır. Şura şikayətlərə baxarkən müəyyən edir ki, bu şikayətə ilkin olaraq baxılması hansı qaydada həyata keçirilib.

Şura tərəfindən aşağıdakı hallarda şikayətlərə baxılmır:

- Şikayətlər korrupsiya hüquq pozmaları barədə olduqda,

- əvvəllər Şura tərəfindən verilmiş qərarla bağlı olduqda,

- Şikayətin predmeti üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda,

- Şikayət göstərilmiş mövzu ilə bağlı tələblərə cavab vermədikdə,

- İnzibati xətalar haqqında işlərlə bağlı şikayət olduqda,

- inzibati aktdan inzibati və məhkəmə qaydasında şikayət verilibsə, həmçinin işə artıq məhkəmə qaydasında baxılırsa,

- Şikayət "İnzibati icraat haqqında" Qanunla müəyyən edilmiş müddətdən sonra verildikdə.

Şurada şikayətlər hərtərəfli araşdırılır, zəruri hallarda şikayət verən şəxsin də iştirakı ilə şikayətə baxılır, baxılmış şikayətlə bağlı yazılı cavab verilir, həmçinin pozuntu aşkar edildikdə müvafiq şəxs və ya qurumlara göstərişlər verə bilir.

Şikayət ünvanlayarkən sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər mütləq nəzərə almalıdır ki, şikayətdə apelyasiya şurasının adı, şikayət verən şəxslər barədə məlumatlar (ad, soyad, VÖEN, yaşayış yeri və s), bu şikayətlə bağlı əvvəl edilmiş müraciət barədə məlumat və qoşma sənədlər göstərilməlidir.

Yekunda isə qeyd edək ki, Apelyasiya Şuralarının qərarları "Elektron hökumət" Portalında da yerləşdirilir.

OXŞar BLOQLAR
Məqalə göndər

APA Bloq nədir?

APA İnformasiya Agentliyi ekspertlərə, ictimai şəxslərə, gənc mütəxəssislərə fikirlərini bölüşmək, rəylərini paylaşmaq üçün platforma təklif edir. Dünyanın tanınmış informasiya agentliklərinin trendi olan “Bloq” artıq APA-da da var. “APA Bloq”da hər bir tanınmış şəxs Azərbaycan qanunvericiliyini və beynəlxalq konvensiyaları inkar etməyən fikrini, rəyini, təhlilini yerləşdirə bilər. “APA Bloq” Azərbaycan, rus və ingilis dillərində məqalələrin, ekspert rəylərinin yayılması üçün yaradılmış platformadır. Platformadan istifadə edəcək şəxslər özləri barədə kiçik avtobioqrafik məlumatı, foto şəkillərini və məqalələrini “APA Bloq”a göndərə bilərlər. Məqalələr platformanın redaktorları tərəfindən rəy verildikdən sonra bloqda əksini tapacaq.