Azərbaycan-Türkiyə hərbi müttəfiqlik münasibətləri və Ermənistanın hərbi avantüra siyasəti

Azərbaycan-Türkiyə hərbi müttəfiqlik münasibətləri və Ermənistanın hərbi avantüra siyasəti

Ermənistanın siyasi-hərbi rəhbərliyi son zamanlar daha ritorik və isterik davranış tərzi nümayiş etdirməkdədir. Azərbaycanla sərhədin Tovuz istiqamətində 12-16 iyul hərbi təxribat Ermənistanın avantürist siyasətinin növbəti təzahürü oldu. Əslində bu hərbi təxribat Ermənistanın müdafiə naziri David Tanoyanın “Yeni ərazi - yeni müharibə” formulunda nəzərdə tutulan hərbi əməliyyatların Azərbaycanın digər ərazilərinə keçirilməsi kimi avantürist niyyətin reallaşdırılması istiqamətində atılmış əməli addım kimi qiymətləndirilməlidir. Bunun ardınca Rusiyadan 400 ton hərbi təyinatlı yüklərin Xəzəryanı ölkələrin hava məkanından keçərək, Ermənistana verilməsi regionda hərbi-siyasi gərginliyin pik nöqtəsinə yaxınlaşmasını şərtləndirdi. Eyni zamanda məlum münaqişənin dinc həlli deyil, hərbi yolla tənzimlənməsi imkanlarının artması mənafeyinə xidmət etmiş oldu.

Bu reallıq fonunda Prezident İlham Əliyevin Rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığında məlum insidentə münasibətdə qətiyyətli mövqe ortaya qoyması və açıq şəkildə narazılığını ifadə etməsi rəsmi Bakının bu məsələlərdə prinsipial və güzəştsiz davranışının ifadəsi kimi qiymətləndirilməlidir. Rusiyanın müdafiə naziri Sergey Şoyqunun qeyd olunan yüklərin hərbi deyil, inşaat təyinatlı olması ilə bağlı Bakıda səsləndirdiyi mövqe ölkəmizin ali siyasi rəhbərliyi tərəfindən qənaətbəxş cavab kimi qəbul edilmədi.

Bütün bunlara paralel olaraq Ermənistanın siyasi-hərbi rəhbərliyinin atdığı bir sıra digər addımlar da regionda sülh prosesinə arxadan vurulan zərbə kimi dəyərləndirilə bilər. Belə ki, Ermənistan militarist siyasət yeridərək, 2019-cu ildə Rusiyadan 4 ədəd CU-30 CM qırıcı təyyarəsi almaqla kifayətlənməyərək, onların ümumi sayını 12-yə çatdırmağı planlaşdırır. 2020-ci ildə ümumi müdafiə büdcəsi təxminən 550-600 milyon dollara bərabər olan cırtdan bir dövlətin dəyəri 50-60 milyon dollara bərabər olan CU-30 CM qırıcı təyyarələri nağd pula alması qeyri-realdır. Bütün bu hərbi-ticarət sövdələşmələrini Ermənistan  Rusiyanın verdiyi kreditlər hesabına reallaşdırır.

Bundan əlavə, Ermənistanın yeni Milli Təhlükəsizlik Strategiyasında Azərbaycan və Türkiyə əsas təhdid mənbələri kimi xarakterizə olunur. Bu sənəddə Ermənistan-Yunanıstan-Kipr üçtərəfli əməkdaşlıq formatının daha da möhkəmləndirilməsi əsas strateji hədəflərdən biri kimi nəzərdən keçirilir. Heç kəsə sirr deyil ki, qeyd edilən Yunanıstan və Kipr, o cümlədən Birləşmiş Ərəb Əmirlikləri və Suriya Aralıq dənizinin şərq hissəsində Türkiyə ilə gərgin qarşıdurma vəziyyətindədir. Bu dövlətlərin İsrail, Misir və Fransa tərəfindən dəstəkləndiyi də hərbi sirr deyil. Məlum qarşıdurma mühitində Azərbaycan dövləti və onun ali siyasi rəhbərliyi birmənalı olaraq Türkiyə dövlətini müdafiə edir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev sentyabrın 2-də  Yunanıstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nikolaos Piperiqkosun etimadnaməsini qəbul edərkən bu məsələlərlə bağlı prinsipial və qətiyyətli mövqeyini bir daha bəyan etdi: “Sizə deyə bilərəm və bu sirr deyil ki, Türkiyə təkcə bizim dost və tərəfdaşımız yox, bizim üçün qardaş ölkədir. Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik. Biz eyni dəstəyi türk qardaşlarımızdan da görürük. Onlar Azərbaycanı bütün məsələlərdə dəstəkləyirlər və biz onları bütün məsələlərdə dəstəkləyirik, o cümlədən Şərqi Aralıq dənizində kəşfiyyat məsələsi ilə bağlı. Mən istəyirəm ki, siz bizim mövqeyimizi biləsiniz. Bu mövqe mənim göstərişimlə artıq Azərbaycan hökuməti tərəfindən rəsmi açıqlanmışdır. Sizə bir daha deyə bilərəm ki, Türkiyə bizim üçün təkcə dost yox, qardaş ölkədir və türklər bizim qardaşlarımızdır. Beləliklə, bütün məsələlərdə biz onların yanında olacağıq”.

Bütün bunlardan savayı, Nikol Paşinyan hökuməti ilə separatçı rejim arasında strateji ittifaq haqqında sənədin hazırlanması üzərində intensiv işin getdiyi də erməni mətbuatında tirajlanan məlumatlar sırasındadır. Bu addımın reallaşdırılması nəticə etibarilə sülh prosesinə öldürücü zərbə kimi qiymətləndirilə bilər. Eyni zamanda ciddi demoqrafik problemlər yaşayan Ermənistanda  hərbi çağırışçı kəsiri özünü kəskin şəkildə büruzə verməkdədir. Bu halda Ermənistan dövləti məcburi addım kimi, yaşlı insanların və əlinə heç bir zaman silah almamış qadınların imkanlarından bəhrələnmək istəyir, könüllülərdən ibarət ordu yaradır. Bu addımı atmaqda əsas məqsədlərdən biri də məlum hadisələr fonunda Suriyadan və Livandan olan erməni mənşəli köçkünləri işğal altındakı Azərbaycan ərazilərində qeyri-qanuni məskunlaşdırmaqdan ibarətdir. Həmin insanların mütləq əksəriyyətinin adətən Yaxın Şərqdə fəaliyyət göstərən terrorçulardan ibarət olduğu dəfələrlə təsdiqini tapmış həqiqətdir.

Bütün yuxarıda qeyd  olunan  faktlar və arqumentlər  belə bir qənaətə gəlməyə əsas verir ki, Ermənistan yeni hərbi təxribat və avantüralara əl atmaq istiqamətində siyasətində israrlıdır. Bu mövqeni şərtləndirən iki mühüm amil vardır. Birincisi, Ermənistanın düşdüyü ağır sosial-iqtisadi  böhran  və onun post-pandemiya dövründə daha da kəskinləşməsi perspektivi, o cümlədən eks-prezident Robert Köçəryanın rəhbərliyi altında bütün müxalif  siyasi qüvvə və qruplaşmaların Paşinyan əleyhinə  vahid cəbhədə birləşməsi reallığı ölkənin siyasi-hərbi rəhbərliyini  hərbi əməliyyatlardan, nə qədər paradoksal səslənsə də, “xilas yastığı” kimi istifadə etməsini şərtləndirə bilər. İkincisi, uzunluğu 878 km olan TAP kəmərinin cari ilin sonunda istifadəyə verilməsi perspektivi nəticə etibarilə dəyəri 40 milyard dollara bərabər olan strateji “Cənub qaz dəhlizi”nin işə düşməsi  deməkdir. Bu isə Azərbaycanın iqtisadi gücünün, o cümlədən hərbi mövqelərinin daha da möhkəmlənməsi anlamına gəlir. Azərbaycanın müəllifi olduğu “Cənub qaz dəhlizi” layihəsi Ermənistanla sərhədin 15 km-liyindən - Tovuz rayonu ərazisindən keçir. Deməli, sözügedən layihənin real məzmun almasının əleyhdarı olan və bunu özü üçün təhlükə kimi qarşılayan Ermənistan rəhbərliyi məhz qeyd olunan istiqamət üzrə növbəti və daha irimiqyaslı hərbi avantüralara əl atacağı proqnozlaşdırılan məsələdir.

Ermənistanı ən çox narahat edən məsələ isə Azərbaycan-Türkiyə hərbi müttəfiqlik münasibətləri ilə bağlıdır. Heç kəsə sirr deyil ki, xüsusilə Ermənistanın 12-16 iyul hərbi təxribatına cavab olaraq qardaş dövlət olan Türkiyənin siyasi-hərbi rəhbərliyi birmənalı olaraq Azərbaycanın mövqeyini müdafiə etdi və formalaşmış şəraitdə  ölkəmizin istənilən seçimini müdafiə edəcəyini bildirdi. Son dövrlərdə Azərbaycan və Türkiyənin siyasi-hərbi rəhbərliyinin qarşılıqlı intensiv səfərləri və bu fonda Naxçıvandan ta Azərbaycanın bir sıra digər ərazilərinədək geniş coğrafi arealda iki qardaş ölkənin quru və hərbi-hava qüvvələrinin birgə taktiki hərbi təlimlər keçirməsi Ermənistanda qorxu və vahimə ilə izlənməkdədir. Bütün  bunlara paralel olaraq Naxçıvanda yenidən iki qardaş dövlətin  silahlı qüvvələrinin birgə hərbi təlimlərinə start verilməsi Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının keyfiyyətcə yeni mərhələyə yüksəldiyini təsdiqləyir. Münasibətlərin səviyyəsi artıq elə bir pik nöqtəyə yüksəlib ki, Türkiyənin Azərbaycanda hərbi təmsilçiliyi və onun keyfiyyətcə yeni forma və məzmun kəsb etməsi ictimai sifarişə çevrilməkdədir. Eyni məntiqlə Türkiyə-Naxçıvan qaz kəməri və Qars-İğdır-Naxçıvan dəmir yolunun çəkilməsi də artıq tarixi zərurətə çevrilməkdədir. Bütün bu addımlar son nəticədə Azərbaycanın işğal altındakı əraziləri üzərində suveren hüquqlarımızın bərpası üçün unikal imkanlar yaradacağına tam əminlik yaradır.

OXŞar BLOQLAR
Məqalə göndər

APA Bloq nədir?

APA İnformasiya Agentliyi ekspertlərə, ictimai şəxslərə, gənc mütəxəssislərə fikirlərini bölüşmək, rəylərini paylaşmaq üçün platforma təklif edir. Dünyanın tanınmış informasiya agentliklərinin trendi olan “Bloq” artıq APA-da da var. “APA Bloq”da hər bir tanınmış şəxs Azərbaycan qanunvericiliyini və beynəlxalq konvensiyaları inkar etməyən fikrini, rəyini, təhlilini yerləşdirə bilər. “APA Bloq” Azərbaycan, rus və ingilis dillərində məqalələrin, ekspert rəylərinin yayılması üçün yaradılmış platformadır. Platformadan istifadə edəcək şəxslər özləri barədə kiçik avtobioqrafik məlumatı, foto şəkillərini və məqalələrini “APA Bloq”a göndərə bilərlər. Məqalələr platformanın redaktorları tərəfindən rəy verildikdən sonra bloqda əksini tapacaq.