Çernobıl Atom Elektrik Stansiyasındakı qəzadan 34 il keçir. 1986-cı il aprelin 26-da Ukraynanın şimalında - Pripyat şəhəri yaxınlığında Atom Elektrik Stansiyasında baş verən fəlakəti xatırlayanlar çoxdur. Təxminən 8 min nəfərdən çox azərbaycanlı qəzanın qarşısının alınması məqsədilə bu işə cəlb olunmuşdu. Həmin vaxtlarda və sonrakı dövrdə də onlar zərərçəkən qisminə aid edilir. Onların dünyaya gələn övladları, nəvələri demək olar ki, əksər halda şikəst, əlil doğulub. Bütün bunlar sanki 1986-cı ildən başlayan növbəti faciələrin başlanğıcının soyuq işarətləri, dövrün nigaran çağırışı idi.
2006-2007-ci illər idi, məktəbdə bir şagirdimin yazı xətti çox pis olurdu, yazıda çox səhv buraxırdı, səliqəsiz yazırdı, aşağı qiymət alırdı. Vaxtında çatdırmadığı üçün inşa, imla mətnlərini ona yenidən yazdırmamışdan əvvəl valideyni ilə danışmaq istədim. İclasımız vardı, həmin gün şagirdin anası dəhlizdə mənə yaxınlaşaraq “Normal işlədə bilmir əlini, qolunu, barmaqları buna imkan vermir, qələmi normal saxlaya bilmir barmaqları ucbatından, xahiş edirəm bunu nəzərə alasınız” deməsi mənə təsir etdi. Heç nə demədim, növbəti dərslərimizdə sinif tapşırıqları icra edərkən, onun bir qolunun nisbətən inkişafdan qaldığını və bir əlinin barmaq sayının hamıdakı kimi olmadığını gördüm. Ümumiyyətlə, əl barmaqları forma və sayına görə bərabər deyildi. Normal vəziyyətlərdə bizdən gizlətməyə çalışdığı həmin barmaqlarını bükdüyündən bunu bir az əvvələ qədər təyin edə bilməmişdim. Şagird əl barmaqlarını qatlayıb gizlətdiyindən normal vaxtlarda bunu müşahidə etmək olmurdu, yazdıqda da bunu gizlətmək üçün həmin əlini digər əli ilə gizlətməyə, önünü kəsməyə çalışırdı. Yazı yazdığı əlinin barmaq sayı səhv etmirəmsə, üç idi və bu halda onun qələmlə dərs tapşırığı icra etməsinin nə qədər çətin olduğunu anlaya bildim.
Bir müddət sonra həmin uşağı anası bu məktəbdən uzaqlaşdıraraq əlil uşaqların oxuduğu məktəbə yerləşdirdi. Bunun səbəbi biz deyildik - səbəbkar Çernobıl idi. Bu bir nümunə idi, buna oxşar minlərlə arzuolunmaz vəziyyətləri, hadisələri yaşamağa məcbur edən Çernobıl öz yerindədir. Bəxş etdiyi bəlaları isə insanlar hələ də yaşamaqdadırlar. Əzaları, orqanları yerində olmayan, əqli, fiziki qüsurlu uşaqların cəmiyyətimizə adaptasiyasının necə çətin olduğunu bilirik. Üstəlik sağlam gedib şikəst, xəstə qayıdan, yaxud Çernobıla getsə də, zahirən sağlam görünsə də, gələcəkdə qüsurlu uşaqların atası və ya babası olacaq bu qədər insanımızın ağırlığı, həm də çətin bir yükü ilə rastlaşırıq. Bu da bizə müharibəni xatırladır. Təcrid olunmaq, özü də çətin bir keçidə bənzəyir - hər kəs bu ağırlığı özü ilə daşıya bilmir, bu yolu keçmək, ondan qurtulmaq da çətindir. Müalicəsi fayda verməyən və ya müalicəsi olmayan digər şəkildə qalmaq insan üçün əsasən mənəvi baxımdan mənfi təsirlərin göstəricisidir. Çernobıl hamımıza yarımçıqları xatırladır, o həm də əli, ayağı, ağlı və digər orqanları yerində olmayan bir nəsil əlilin yaralanmış ömrüdür. Hər dəfə əlil uşaqları görəndə “Atası o vaxt Çernobılda olub, ora göndərmişdilər, bu uşaq da belə doğulub ona görə, doğulandan sonra uşağı görən həkimlər dedilər ki, Çernobıldandı, ordan gələnlərin əksəriyyətinin uşaqlarında problemlər var bu cür, hərəsində müxtəlif dərəcəli əlillik olur, əlil doğulur uşaqlar” deyən ananı xatırlayıram.
Ukraynadakı partlayışın Azərbaycan yarasının təkrar anım günüdür. Çernobılın 34 illiyini və bu illər ərzində doğulan, həmçinin, yaşadığımız bütün faciələrimizi dərin hüznlə yad edirəm.