Dünyanın ən güclü 3 dövləti və onların geosiyasəti - II HİSSƏ

Dünyanın ən güclü 3 dövləti və onların geosiyasəti - II HİSSƏ

2. Rusiya

Bundan əvvəlki birinci bölümdə ABŞ-ın başçılığı altında Qərb hegemonluğunun dünya ağalığından bəhs edilirdi. Lakin zaman göstərdi ki, dünya dəyişkəndir və hər bir sivilizasiyanın öz epoxal qüdrəti var. 2008-ci ildən başlayaraq dünyada artan Qərb hegemonluğuna qarşı Rusiya və Çin kimi güclər səssizlik və sükut mərhələsindən fəal qarşıdurma fazasına daxil olmaqda idi. Çin, Rusiya, Hindistan kimi ölkələrin özünəməxsus ənənə və tarixlərə malik olduqlarını qeyd edən Henri Kissincer bu özəllikləri beynəlxalq münasibətlərə fərqli baxışların əsas səbəbi kimi qiymətləndirir. Beləliklə, liberal dəyərlərin zəfəri kimi Qərbin formalaşdırdığı dünya nizamı dönüş  nöqtəsinə gəlib çıxıb. Mərhum amerikalı geostrateq Zbiqnev Bjezinski də ömrünün sonlarına yaxın Vaşinqtonun artıq Yaxın Şərqdə yeganə diqtə edən qüvvə olmadığını vurğulayırdı ki, orada yaranmış müəyyən “geosiyasi boşluğu” da qismən Çin, Rusiya və Avropa İttifaqı doldurmağa çalışır. Hərçənd, ABŞ bu bölgədə hələ də ən böyük təsirə malikdir.

Vaşinqtonun hegemonluq siyasətinin əsas opponenti rolunda çıxış edən Rusiya dünyada fövqəldövlət statusunu qaytarmaq istədiyini faktiki olaraq rəsmi qaydada bildirib. Hələ 2013-cü ildə qəbul edilən Xarici siyasət konsepsiyasında ölkənin qarşısında duran əsas vəzifələr də məhz bu iddiayla uzlaşdırılıb: Birincisi, dünya iqtisadiyyatının xilasına kömək etmək. Bunun üçün Rusiya qlobal səviyyədə “ədalətli və demokratik” iqtisadi-ticari, valyuta-maliyyə sisteminin formalaşmasında aktiv rol oynamalıdır. İkincisi, “başqalarının daxili işlərinə müdaxilə cəhdlərinə qarşı mübarizə aparmaq”. İnsan haqları və azadlıqlarına hörmətlə yanaşılması ilə bərabər, hər bir dövlətin tarixi-mədəni və milli xüsusiyyətləri nəzərə alınmalıdır. Rusiyanın beynəlxalq məsələlərdə və bəşəriyyətin inkişafında tarazlıq faktoru kimi çıxış etdiyi bildirilən konsepsiyaya görə, ikitərəfli münasibətlərin pisləşməsində bütün məsuliyyət Qərbin üzərinə düşür. 

Məhz bu baxımdan, Rusiyanın geosiyasi ambisiyalarına ilk növbədə Moskva-Vaşinqton münasibətləri prizmasından yanaşmaq lazımdır. SSRİ-nin parçalanmasından, yeni Rusiyanın marksizm-leninizm nəzəriyyəsindən imtinasından və “mədəni ölkələr birliyi”nə daxil olmaq istədiyi barədə bəyanatından sonra iki ən böyük nüvə dövlətinin yaxınlaşmasını əngəlləyəcək maneələrin qalmadığı qənaətinə gəlmək məntiqli görünürdü. Lakin, obrazlı desək, bütün yenidənyükləmə cəhdləri qarşılıqlı məyusluqla nəticələndi. Son illərdə ABŞ prezidenti Donald Trampın Moskva ilə ümumi dil tapmaq,  münasibətləri yeni keyfiyyət müstəvisinə qaldırmaq təşəbbüsləri isə nəinki onun opponentlərində, hətta bəzi partiya silahdaşlarında qıcıq doğurdu. Bu isə, ondan xəbər verir ki, ABŞ-Rusiya münasibətlərini əngəlləyən maneələr əslində daha dərin və struktur xarakterlidir.

Vaşinqtonda və Moskvada məhsuldar münasibətlərin məzmunu barədə təsəvvürlər çox fərqlidir. Dünya arenasında Moskvanın nüfuzunu bərpa etməyə və ötən əsrin 90-cı illərinin zərərli saydığı irsini aradan qaldırmağa çalışan Vladimir Putin Vaşinqtonun Rusiya ilə Sovet İttifaqı kimi davranmasını istəyir. Yəni, əvvəla, ABŞ Rusiyanı tamamilə böyük və suveren böyük dövlət kimi qəbul etməli, Rusiyanın nisbətən zəif qonşuları isə yalnız məhdud suverenlikdən yararlanmalıdırlar; ikincisi, Amerika Rusiyanı legitim maraqlarına hörmət edilməli olan bərabərhüquqlu ölkə kimi tanımalıdır. Putin bu yanaşma çərçivəsində ABŞ, Rusiya və Çinin dünyanı təsir sferalarına bölməsinə imkan verən yeni üçtərəfli Yalta sistemi yaratmaqda maraqlı görünür. Belədə, ABŞ Rusiyada baş verən daxili proseslərə bütün təsir cəhdlərindən imtina etməlidir. Qeyd etmək lazımdır ki, belə siyasət ABŞ-ın öz xarici siyasətində artıq 30 ildir rəhbər tutduğu təməl şərtləri rədd etmək tələbini qoyacaq. Bununla belə, iki nüvə föqəldövləti kimi məsuliyyət daşıyan ABŞ və Rusiya ümumi maraqlar baxımından, kütləvi qırğın silahlarının yayılmasının qarşısını almağa səy göstərirlər. Hərçənd təcrübədə bu məsələnin mahiyyəti barədə heç də həmişə eyni mövqe sərgiləmirlər. Hər iki tərəf terrorizmi ümumi təhdid saysa da, hansı qüvvələrin məhz “terrorçu” kimi tanınması məsələsində əksərən razılığa gələ bilmir.

Bu kontekstdə ABŞ-ın Rusiya ilə, Çindən fərqli olaraq, ümumi iqtisadi maraqlarının kasadlığı üzündən ABŞ-da Rusiya ilə dayanıqlı və sıx münasibətlər üçün mübarizə aparacaq təsirli oyunçuların da azlığı öz neqativ rolunu oynayır. Rusiya ixracatının əsas predmetləri karbohidrogen ehtiyatlarına və silaha ABŞ-ın ehtiyacı yoxdur. Amerika sərmayəsinin Rusiya iqtisadiyyatına axınını isə yalnız sanksiyalar yox, habelə Rusiyadakı mürəkkəb investisiya mühiti və qanunların icrasının aşağı səviyyədə olması əngəlləyir. Lakin ümumi maraqların seyrəkliyinə rəğmən, bu dövlətlərin əməkdaşlıq edə biləcəyi və etməli olduğu məsələlər az deyil. Söhbət, ilk növbədə, Suriya və İran ətrafında cərəyan edən hadisələrdən gedir ki, burada da Rusiyanın güzəştə getməsi Kremlin məğlubiyyəti kimi başa düşülərdi. Hərçənd son aylarda hər iki dövlətlə bağlı Vaşinqtonla Moskva qapalı müzakirələr aparırlar. Ukrayna problemi son vaxtlar arxa plana keçsə də, hər iki dövlət üçün bəlkə də ən böyük strateji hədəf sayılır. Minsk razılaşmalarının yerinə yetirilmə perspektivləri hələ də real görünmür. Krım və Donbas problemlərində Kiyevə kənarda verilən dəstək daha çox mənəvi xarakter daşıyır. Şimali Koreyadakı vəziyyət də əməkdaşlıq üçün perspektivlər açsa da, Moskva və Pekinin xeyir-duası olmadan Pxenyanın Vaşinqtonla razılığa gələcəyi inandırıcı görünmür. Kibertəhlükəsizlik məsələsinə gəldikdə isə, bu sahədə oyun qaydaları çərçivəsində danışıqlar ələbttə ki, hər iki tərəfin maraqlarına cavab verərdi. Lakin “halva-halva deməklə ağız şirin olmur”. Çünki müxtəlif problemlər üzrə fundamental fikir ixtilafları, toqquşan geosiyasi ambisiyalar Vaşinqtonla Moskvanı ən yaxşı halda qarşılıqlı maraqlar kəsb edən bəzi məsələlərdə məhdud əməkdaşlığa sövq edir. Bu baxımdan, ABŞ-Rusiya münasibətlərinin mahiyyəti elə də dəyişməyib.

Çox güman ki, ABŞ, Rusiya və Çin üçlüyünün dünyadakı gedişləri bu ilin payızında okeanın o tayında keçiriləcək prezident seçkilərindən bilavasitə asılı olacaq. Lakin fakt odur ki, artıq bu gün dünyada ABŞ-a qarşı çıxış edəcək və ətrafında müttəfiqləri olan ən azı iki güc formalaşıb. Bunlardan biri Rusiya, digəri Çindir. Beləliklə, bu gün Braziliya, Hindistan, Pakistan, Çin, Türkiyə kimi inkişaf etməkdə olan dövlətləri əhatəsinə alan Rusiya Anqlo-Saksonların dünya ağalığına qarşı ciddi maneə olmaqdadır. Moskvanın son illərdə Suriyada İŞİD-i məğlub edərək oradakı vətəndaş müharibəsinə faktiki olaraq son qoyması, İran rejiminin sarsılmasına yol verməməsi, Liviya və Misirdəki uğurlu gedişləri, Yaxın Şərqdə İsraillə dil taparaq bir-birinin maraqlarını nəzərə alması, Almaniya, Fransa və İtaliya siyasi isteblişmentləri ilə Putinin artan siyasi inteqrasiyası, Əfqanıstanda taliblərlə və regional qruplaşmalara artan təsiri indiki Rusiyanı 1960-cı illərin SSRİ-sinə bənzədir. Lakin bu Rusiyanı SSRİ-dən fərqləndirən başlıca amil - onun Rusiya geosiyasi fikrinin əsl mahiyyətini dərk etməsidir. Məhz “Moskva-üçüncü Romadır” və türk-slavyan simbiozunu əsas tutan Avrasiyaçılıq konsepsiyaları Putin xarici siyasətinin əsas özəyini təşkil edir. Elə Rusiyanın gələcək aqibəti də bu ideyaların nə dərəcədə dərindən reallaşdırılıb-reallaşdırılmamasından asılı olacaq.

Ardı var...

OXŞar BLOQLAR
Məqalə göndər

APA Bloq nədir?

APA İnformasiya Agentliyi ekspertlərə, ictimai şəxslərə, gənc mütəxəssislərə fikirlərini bölüşmək, rəylərini paylaşmaq üçün platforma təklif edir. Dünyanın tanınmış informasiya agentliklərinin trendi olan “Bloq” artıq APA-da da var. “APA Bloq”da hər bir tanınmış şəxs Azərbaycan qanunvericiliyini və beynəlxalq konvensiyaları inkar etməyən fikrini, rəyini, təhlilini yerləşdirə bilər. “APA Bloq” Azərbaycan, rus və ingilis dillərində məqalələrin, ekspert rəylərinin yayılması üçün yaradılmış platformadır. Platformadan istifadə edəcək şəxslər özləri barədə kiçik avtobioqrafik məlumatı, foto şəkillərini və məqalələrini “APA Bloq”a göndərə bilərlər. Məqalələr platformanın redaktorları tərəfindən rəy verildikdən sonra bloqda əksini tapacaq.