Dünyanın ən strateji bölgələrindən olan Liviya - II YAZI

Dünyanın ən strateji bölgələrindən olan Liviya - II YAZI

2. Qəddafidən sonrakı dövr

... Qəddafidən sonrakı Liviyadakı vəziyyət onu göstərir ki, Liviya xalqı növbəti dəfə öz xüsusiyyətlərinin və geosiyasi güclərin əsiri oldular. Liviyanı növbəti dəfə xaosa sürüklədilər. Buna şübhə edən yoxdur. Bu prosesin əsas oyunçuları və kimin hansı məqsəd güdməsi məsələsində isə bir qarışıqlıq müşahidə olunur.

Hazırda Liviyada iki qüvvə - general Xəlifə Haftarın başçılıq etdiyi “Liviya Milli Ordusu” ilə Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınan Fayiz əs-Sərracın lideri olduğu “Milli Razılaşma Hökuməti” arasında qarşıdurma pik həddə çatıb. 3 ilə yaxındır İsrail, Misir, Rusiya, Fransa, və Birləşmiş Ərəb Əmirlikləri tərəfindən dəstəklənən general Haftarın rəhbərlik etdiyi Milli Ordu, Türkiyə, İtaliya və Qətər tərəfindən dəstəklənən Milli Razılaşma Hökumətinə qarşı hücumlar həyata keçirir. İnformasiyalara görə, X. Haftara Misir, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri ciddi yardım edir. Hərbi və kəşfiyyat dəstəyi isə Qahirə və Moskvadan gəlir. Misirin burada fəal şəkildə Həftarı dəstəkləməsinin digər səbəbi də Qahirədəki indiki hərbçi rəhbərliyin "Müsəlman qardaşları", "əl-Qaidə" və digər qruplaşmalardan çəkinməsidir. Sisinin fikrincə, Türkiyə Liviyada möhkəmlənərsə, Ankaranın növbəti dayanacağı Misir olacaq. Lakin Sisi bir məsələni unudur ki, Misirdən fərqli olaraq Türkiyə Liviyadakı vətəndaş müharibəsinə ən son mərhələdə qoşuldu və bu, Liviyanın qanuni hakimiyyətinin rəsmi Ankaraya müraciət etməsindən sonra baş verdi. Yəni, müxtəlif ölkələrin əlaltısı Sisidən fərqli olaraq, Ərdoğan Liviyada sülhün təmin edilməsi və nəhayət, ölkənin əmin-amanlıq içində yaşaması üçün səylərini davam etdirir.

Beləliklə, digər geosiyasi məqamlarla yanaşı, Liviyada vətəndaş müharibəsi Yaxın Şərq üçün daha böyük zərər verə biləcək bir prosesi də üzə çıxardı. Bu, regionda yeni geosiyasi konfiqurasiyanın yaranması ilə bağlıdır. Bir tərəfdə Misir, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri, digər tərəfdə isə Qətər və Türkiyə. Bir tərəfdə ABŞ, digər tərəfdə Rusiya. İtaliya və Fransa da işin içindədir.

Yeri gəlmişkən, gəlin qısa da olsa xristian dövlətlərin Liviyadakı maraqlarına nəzər salaq.

ABŞ Liviyadakı vətəndaş müharibəsində balansı qorumağa çalışır. Vaşinqton onsuz da sonda qalib gələn tərəflə dil tapacağını yaxşı bilir. Haftar Türkiyənin bu ilki son hərbi uğurlarına qədər ABŞ və Rusiya, Fransa və İtaliya arasında maksimum manevr imkanlarından lazımınca istifadə etməkdə idi. İtaliya Sərac hökuməti ilə Liviya qazının İtaliyaya ixracına dair müqavilə bağladığından onları dəstəkləyir və bölgədə vəziyyətin gərginləşməsində maraqlı deyil. Fransa isə İtaliyanın əksinə olaraq, Haftarın yanındadır. Buna səbəb isə Fransanın Rusiya kimi Haftarın nəzarət etdiyi bölgələrdəki enerji yataqları ilə bağlı generalla razılıq əldə etməsidir.

Rusiya ölkənin şərqində, xüsusən də neftlə zəngin olan bütün yataqlara nəzarət edən Haftarı dəstəkləməyə meyllənir. Bu cür düşünmək üçün səbəb yetərindən də artıqdır. Hərbi başçı son illər ərzində bir neçə dəfə Rusiyanın Yaxın Şərq siyasətindən razı olduğunu bildirib və Moskvaya bir neçə dəfə səfər edib. Hətta feldmarşal 2017-ci il yanvarın 11-də Rusiyanın “Admiral Kuznetsov” kreyserinə baş çəkib, vitse-admiral Sokolovla görüş keçirib və müdafiə naziri Sergey Şoyqu ilə videokonfransa qatılıb.

Bu, Moskvanın Şimali Afrika və Yaxın Şərq regionlarında təsirini möhkəmlətməklə bağlı həyata keçirdiyi planın bir hissəsidir. Hərbi analitiklər Qərbin Rusiyaya mane olmadığını qeyd edir. Bu barədə Maykl Evans “The Times” nəşrində yazır.

Dronlar, hücum aviasiyası və yüksək dəqiqliyə malik döyüş sursatı ilə təchiz edilən artilleriyanın dəstəyi ilə fəaliyyət göstərən 200-dən çox rus muzdlu beş ildən çoxdur davam edən Liviya vətəndaş müharibəsində gözləntiləri artırıb. Rusiyalı muzdluların “Vaqner” özəl hərbi şirkətin üzvləri olduğu ehtimal edilir. Onlar Suriya, Mozambik və Mərkəzi Afrika Respublikasında da xidmət göstərirlər.

Pentaqonun keçmiş əməkdaşı Endryu Krepineviç Rusiyanın daha vacib məqsədinin olduğunu bildirir. “Rusiya qlobal iştirakını bərpa etmək və fövqəldövlət statusunu geri qaytarmaq istəyir. Putin əvvəlki kimi zəif kartlardan ustalıqla istifadə edir. O, minimal xərclə ölkəsini Yaxın Şərqin ən vacib oyunçusuna çevirib. 2011-ci ildə polkovnik Qəddafi devrildikdən sonra NATO və ABŞ hakimiyyət boşluğu buraxdığı üçün Putin növbəti dəfə zəif oyunçuların rəqabətində öz təsirini möhkəmlətmək imkanı qazanıb”, - deyə ekspert qeyd edir.

Liviyada möhkəmlənmək istəyən digər dövlət Türkiyədir. Qahirəyə siyasi rıcaqlarını itirən Ankara üçün Aralıq dənizində 0 müttəfiqə sahib olmaq yolverilməzdir. 2019-cu il noyabr ayının 27-də Türkiyə ilə Liviyanın qanuni hökuməti arasında beynəlxalq hüquqa söykənən “Təhlükəsizlik və Hərbi Əməkdaşlıq”, eyni zamanda “Şərqi Aralıq Dənizi Sahələrinin Razılaşdırılması”na dair memorandum imzalandı. Həmin razılaşma, heç şübhəsiz ki, Türkiyə ilə əks cəbhədə duran dövlətlərin və qüvvələrin maraqları ilə daban-dabana ziddiyyət təşkil edir.

Razılaşmaya görə, Türkiyə Aralıq dənizində böyük ərazilərdə araşdırma aparmaq hüququ əldə edib. Hansı ki, həmin yerlərdə qaz ehtiyatlarının olduğu ehtimal edilir. Bu pakt Aralıq dənizi regionundakı digər ölkələri, xüsusilə Yunanıstan və Kipri narazı salıb. Bu ölkələrin rəsmiləri iki hökumət arasında bağlanmış rəsmi müqaviləni “qanunsuz” adlandırırlar.

Regionun təbii ehtiyatlarını həmişəki kimi müftə ələ keçirməyə hazırlaşan ABŞ və Avropa ölkələri də Liviya hökuməti ilə Türkiyə arasında imzalanmış müqavilələrdən narahat olduqlarını gizlətmir. Onlar Ankaradan tələb edirlər ki, Xəlifə Haftarın əsasən terrorçulardan ibarət silahlı dəstəsinin Liviyanın rəsmi hökumətini devirməsinə maneə olmasın.

Çünki məlum razılaşmaya qədər Türkiyə üç qitəyə çıxışı olan Aralıq dənizində yalnız Şimali Kipr Türk Respublikası (ŞKTR) ilə müttəfiqi sayılırdı. “İndi isə Trablus da var” düşüncəsini həzm edə bilməyən güclər öz bölgə strategiyalarının zədələnəcəyindən ehtiyat etdiklərindən Haftar vasitəsilə Ankara əleyhinə hərəkətə keçiblər. Beləliklə, ərəb coğrafiyasında təklənən Türkiyəni Aralıq dənizində də yalnızlaşdırmaq siyasəti yürüdülür.

Heç şübhəsiz ki, Türkiyənin Liviyada hərbi və siyasi varlığına qarşı Haftara əsas dəstək verən ölkələr Misir, BƏƏ və İordaniya kimi ərəb dövlətləri olacaq.

Bunlarla bərabər, bir müddət əvvəl Liviyada ayrı-ayrı qrupları dəstəkləyən Moskva və Ankara Suriyanın ardınca Liviya məsələsində də ortaq dil tapmaqda maraqlıdır. Bu səbəbdən Rusiyanın Birləşmiş Ştatlarla çıxdığı hegemonluq mübarizəsində güc olaraq general Haftara deyil, məhz Türkiyəyə ehtiyac duyacağı daha ağlabatandır. Güman ki, Kreml də məhz Ankara ilə münasibətlərin qorunub saxlanılması variantına üstünlük verərək, Suriyada olduğu kimi, Liviyada da Türkiyə ilə müəyyən razılığa gələcək. Eyni ssenari elə ABŞ-a da aiddir. Son hadisələr göstərir ki, Ağ ev Liviya məsələsində qalibin müəyyən edilməsinə müdaxilə etməyəcək.

Beləliklə, “Ərəb baharı” sonrası Tunis, Misir, Suriya və Liviyadakı vətəndaş müharibələri, siyasi xaos Aralıq dənizi ətrafını dünyanın və regionun aparıcı dövlətlərinin geosiyasi və geoiqtisadi maraqlarının toqquşması obyekti olacağından xəbər verir. İstər ABŞ və Rusiya arasında gedən dünya ağalığı uğrunda qarşıdurma, istər Türkiyə, İsrail, Qətər, Səudiyyə Ərəbistanı, BƏƏ, Misir və İran arasında regional məsələlərlə bağlı kəskin fikir ayrılıqları, istərsə də Aralıq dənizində tapılan zəngin neft-qaz yataqları ondan xəbər verir ki, regionda birbaşa və hibrid müharibələr qaçılmazdır.

OXŞar BLOQLAR
Məqalə göndər

APA Bloq nədir?

APA İnformasiya Agentliyi ekspertlərə, ictimai şəxslərə, gənc mütəxəssislərə fikirlərini bölüşmək, rəylərini paylaşmaq üçün platforma təklif edir. Dünyanın tanınmış informasiya agentliklərinin trendi olan “Bloq” artıq APA-da da var. “APA Bloq”da hər bir tanınmış şəxs Azərbaycan qanunvericiliyini və beynəlxalq konvensiyaları inkar etməyən fikrini, rəyini, təhlilini yerləşdirə bilər. “APA Bloq” Azərbaycan, rus və ingilis dillərində məqalələrin, ekspert rəylərinin yayılması üçün yaradılmış platformadır. Platformadan istifadə edəcək şəxslər özləri barədə kiçik avtobioqrafik məlumatı, foto şəkillərini və məqalələrini “APA Bloq”a göndərə bilərlər. Məqalələr platformanın redaktorları tərəfindən rəy verildikdən sonra bloqda əksini tapacaq.

Son yazılar
Samir Əfətli
PR və Marketinq kommunikasiyaları üzrə mütəxəssis

Samir Əfətli

Ellada Əliyeva
Media-marketinq mütəxəssisi

Ellada Əliyeva