Ermənistan tərəfi sərsəm bəyanatlar verməkdənsə, işğal altında saxladığı əraziləri azad etmək barədə düşünməlidir

Ermənistan tərəfi sərsəm bəyanatlar verməkdənsə, işğal altında saxladığı əraziləri azad etmək barədə düşünməlidir

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin uzun illərdir davam etməsinin əsas səbəblərindən birinin işğal­çı ölkənin beynəlxalq hüquq normalarına hörmətsizliyidirsə, digər tərəfdən dünya birli­yinin bu ədalətsizliyə seyrçi mövqe nümayiş etdirməsi, ikili standartları və siyasi riyakar­lığıdır. Bu vaxta qədər Ermənistana qarşı hər hansı bir sanksiyanın tətbiq edilməməsi, BMT Təhlükəsizlik Şurasının 27 il əvvəl qəbul etdiyi 4 qətnamənin hələ də kağız üzərində qalması, münaqişənin nizamlanmasında vasitəçiliyi öz üzərinə götürmüş ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi Ermənistanı daha da azğınlaşdırıb. İşğalçı ölkənin Xarici İşlər naziri Zohrab Mnatsakanyanın Rusiya Federasiyasının Xarici İşlər naziri Sergey Lavrovun açıqlamasına verdiyi cavab da bunu təsdiqlədi.

Məlum olduğu kimi, bu il aprelin 21- də Rusiya Federasiyasının Xarici İşlər naziri Sergey Lavrov A.M.Qarçakov adına İctimai diplo­matiyaya dəstək klubunun üzvlərinin “dəyirmi masa”sında çıxışı zamanı BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qətnamələrinə münasibət bildi­rib və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mərhələli həllinə dair plan və təkliflərdən də söhbət açıb. S.Lavrovun münaqişənin həllinə mərhələli yanaşma ilə bağlı səsləndirdiyi şərhinə Ermənistanın Xarici İşlər naziri əsl işğalçı kimi cavab verib. Görünən budur ki, nə Ermənistanın baş nazi­ri Nikol Paşinyan, nə də Xarici İşlər naziri sülh danışıqlarına yaxın gəlmək fikrində deyillər və mövcud status-kvonu saxlamaq üçün min bir oyuna əl atırlar. Deyəsən, könüllərinə 2016-cı ilin Aprel döyüşləri düşüb.

Mərhələli yanaşmaya gəldikdə isə bu yanaşmanın ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən təklif edildiyi beynəlxalq aləmə də bəllidir. Bu mövqe Minsk qrupunun həmsədr dövlətlərinin özləri tərəfindən münaqişənin tənzimlənməsi prosesinin bütün mərhələlərində dəfələrlə və ardıcıl olaraq səsləndirilib. Ermənistanın Xarici İşlər nazirinin Azərbaycan ərazilərinin işğaldan azad edilməyəcəyini açıq şəkildə ifadə etməsi həm ATƏT-in Minsk qrupu­nun həmsədrlərinə, həm də beynəlxalq birliyə meydan oxumaq deməkdir.

Söz yox ki, son illər beynəlxalq ictimaiyyət, nüfuzlu təşkilatlar Ermənistanın işğalçı siyasətindən cana doyublar. Bunu işğal olunmuş Dağlıq Qarabağda keçirilən seçkilərə beynəlxalq münasibət də təsdiqləyir. Prezident İlham Əliyev də 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan müşavirədə bu məsələni diqqətə çatdıraraq qeyd etdi ki, Azərbaycanın işğal olunmuş ərazilərində keçirilmiş qanunsuz seçkilərlə əlaqədar beynəlxalq ictimaiyyətin mövqeyi Ermənistanın mövqeyinə böyük zərbə oldu. Bu saxta seçkilərin nəticəsi heç bir ölkə, o cümlədən nüfuzlu beynəlxalq təşkilatlar - 120 dövləti özündə birləşdirən Qo­şulmama Hərəkatı, ATƏT-in Minsk qrupunun həmsədrləri, Avropa İttifaqı, NATO, Avropa Parlamenti, Türk Şurası, İslam Əməkdaşlıq Təşkilatı və digərləri tanınmadı. Ümumiyyətlə, indiyədək Dağlıq Qarabağda keçirilən bütün seçkilərin və referendumların nəticəsi dünyanın heç bir ölkəsi və beynəlxalq təşkilat tərəfindən tanınmayıb. Artıq ölkəmizin, eləcə də dövlət başçımızın mövqeyinə - münaqişənin Helsinki Yekun Aktına, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsinə tərəfdar çıxan dövlətlərin sayı getdikcə artmaq­dadır.

Təəssüf ki, dünyada mövcud olan ikili standart, siyasi riyakarlıq və ayrı-seçkilik hələ də özünü açıq şəkildə büruzə verir. Elə Ermənistanın Xarici İşlər nazi­rinin işğalı təsdiqləyən bəyanatına kəskin münasibət bildirilməməsi də bundan xəbər verir. Münaqişənin nizamlanma­sında vasitəçilik missiyasını öz üzərinə götürmüş ATƏT-in Minsk qrupunun həmsədrlərinin də susqunluğu təəccüb doğurur. Söz yox ki, bu qurum indiyə qədər işğalçı ölkə haqqında elə bir kəskin mövqe nümayiş etdirməyib. Hər dəfə söz yığınından ibarət bəyanat verməklə öz işini bitmiş hesab edir. Ancaq bu dəfə də işğalçı mövqeyini açıq şəkildə bəyan edən bir ölkəyə cavab verilməməsi bu təşkilata olan inamı heçə endirir. Doğru­danmı Ermənistanla Azərbaycan arasında danışıqlar prosesini bərpa etməyə çalışan ATƏT-in Minsk qrupunun həmsədrləri işğalçı ölkənin Xarici İşlər nazirinin bu bəyanatının sülh danışıqlarının üstündən birdəfəlik xətt çəkildiyinin mahiyyətini hələ də dərk etmirlər? Axı, ATƏT-in Minsk qrupu həmsədrlərinin 2019-cu il 9 mart tarixli bəyanatında da münaqişənin mərhələli həllinə dair mövqe bir daha qeyd olunmuşdur. Bundan başqa, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Helsinki Yekun aktının prinsipləri və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında mərhələli şəkildə həll edilməsi və bu mərhələli proses çərçivəsində ilkin addım kimi Azərbaycanın Dağlıq Qarabağ regionu ətrafındakı ərazilərdən Ermənistan qo­şunlarının çıxarılması həmsədr ölkələrin dövlət başçıları səviyyəsində verdikləri bəyanatlarında da təsbit olunub. Bütün bunlardan sonra Zohrab Mnatsakanyanın işğal siyasətindən əl çəkməyəcəklərini, işğal etdikləri əraziləri azad etməyəcəkləri barədə bəyanatına niyə susqunluq nümayiş etdirilir? Münaqişənin nizam­lanmasında vasitəçilik missiyasını üzərinə götürmüş ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistanın bu kimi dağı­dıcı mövqeyinə, işğalçı siyasətindən əl çəkməyəcəyini açıq şəkildə ortaya qoy­masına münasibət bildirmirsə, bəs onda hansı vasitəçilikdən söhbət gedə bilər?

Görünür, həm Ermənistan, həm də işğalçı ölkənin həyasızlığına hələ də göz yuman beynəlxalq qurumlar unudurlar ki, işğal müvəqqətidir. Yəqin uzun illər işğal altında saxladıqları Azərbaycan ərazilərinin bir qisminin 2016-cı ilin aprelində cəmi 4 gün ərzində azad edildiyini unudurlar. Nə qədər gec de­yil, Ermənistan tərəfi bu həqiqəti başa düşməli, nə öz xalqını, nə də beynəlxalq ictimaiyyəti aldatmağa cəhd etməlidir.

OXŞar BLOQLAR
Məqalə göndər

APA Bloq nədir?

APA İnformasiya Agentliyi ekspertlərə, ictimai şəxslərə, gənc mütəxəssislərə fikirlərini bölüşmək, rəylərini paylaşmaq üçün platforma təklif edir. Dünyanın tanınmış informasiya agentliklərinin trendi olan “Bloq” artıq APA-da da var. “APA Bloq”da hər bir tanınmış şəxs Azərbaycan qanunvericiliyini və beynəlxalq konvensiyaları inkar etməyən fikrini, rəyini, təhlilini yerləşdirə bilər. “APA Bloq” Azərbaycan, rus və ingilis dillərində məqalələrin, ekspert rəylərinin yayılması üçün yaradılmış platformadır. Platformadan istifadə edəcək şəxslər özləri barədə kiçik avtobioqrafik məlumatı, foto şəkillərini və məqalələrini “APA Bloq”a göndərə bilərlər. Məqalələr platformanın redaktorları tərəfindən rəy verildikdən sonra bloqda əksini tapacaq.