Koronavirus bəlası: günah daha çox kimdədir?

Koronavirus bəlası: günah daha çox kimdədir?

Bu gün səhər işə gələrkən 49 saylı marşrut avtobusunda ənənəvi olaraq tibbi maska taxan və taxmayanların müqayisəsini apardım. Səməd Vurğun bağından Xətai metrostansiyasına qədər 21 sərnişinin olduğu avtobusda yalnız 2 nəfər maska taxmışdı, 3 nəfərin çənəsində, 2 nəfərin (20-25 yaşlı) qolunda maska vardı. Təəssüf ki, maska taxmayanlar içərisində bizə öyüd-nəsihət verməli olan yaşlılarımız da vardı. Sürücü də maska taxmayanların sırasında idi. Ondan öncə 88 saylı marşrut avtobusunda da mənzərə təxminən eyniydi. Sərt karantin rejiminin ikinci günündə də öncəki günlərlə müqayisədə ictimai nəqliyyatda mənzərə dəyişməmişdi. Surmarketlərdə də vəziyyət dəyişməyib. Baxmayaraq ki, artıq gündəlik virusa yoluxanların sayının 500-ə yaxınlaşmasından hər kəs məlumatlıdır....

İndiyə qədər yoluxanların mühüm qisminin məhz ictimai nəqliyyat, iri ticarət mərkəzləri, supermarketlərin, yas mərasimlərinin payına düşdüyünü TƏBİB dəfələrlə açıqlayıb. Bütün bunların qarşılığında bu gün yenə bu mənzərə yaşanırsa, deməli, cəmiyyətimizdə məsuliyyətsiz insanların sayı çox, özü də həddindən çoxdur. Özü maska taxmadığı halda maska taxan azsaylı insanlara açıq formada ironiyalı münasibət göstərən bəzilərinin davranışı isə əslində məsuliyyətsizlikdən daha çox tərbiyəsizlikdir. Axı bu gün demək olar ki, elə bir insan yoxdur ki, yaşadığı ərazidəki evlərdə, binalarda, tanıdıqları arasında koronavirusa yoluxmayan olsun. Bir qisminin isə yaxın qohumları arasında yoluxanlar var. Cəmiyyətin müxtəlif təbəqələrinə mənsub insanlar arasında ölümlərə toxunmaq istəmirəm. Bu insanların məsuliyyətsizliyinin cəzasını tək özləri çəkmir. Tək yaşlı ata-anası, həyat yoldaşı, bacı-qardaşı, övladları ilə də məsələ yekunlaşmır. O avtobusda, supermarketlərdə onlarla insanın sağlamlığını, həyatını real təhlükə altında qoyurlar.

Bir insan üçün sağlamlığından qiymətli heç nə olmadığı üçün artıq ümumən cəmiyyətin belə insanlara qarşı açıq qınağına ehtiyac var. Avtobusa maskasız daxil olan insana öncə sürücü, daha sonra sərnişinlər etirazı bildirməli, həmin şəxsin məsuliyyətsizliyinin hər kəsin həyatının təhlükə altında qoyduğunu nəzərə çatdırmalı, onun maskasız avtobusa minməsinə imkan verilməməlidir. Supermarket sahiblərinin məsuliyyətlərini dərk etməsinin vaxtı çatıb. Maskasız insanların bu obyektlərə buraxılmaması üçün mühafizə xidmətlərinə, satıcılara qəti tapşırıq verilməli, maska ilə mağazaya daxil olan müştərilər maskasız hərəkət edən müştərilərə etirazlarını bildirməlidirlər. O sürücü də, market sahibi də, mühafizəçi də, maska taxmayanlar da anlamalıdır ki, bu əmələ yol verməklə sevdikləri, yaxınları, ümumən cəmiyyət üçün real təhlükə mənbəyi rolunu oynayırlar.

İndiki mərhələdə hüquq-mühafizə orqanlarının da bu məsələdə qəti mövqe ortaya qoyması zəruridir. Sərt karantin günlərində əhalinin hərəkətinin qismən azalması fonunda avtobus və supermarketlərə effektiv nəzarət həyata keçirmək üçün daha münasib şərait var. İki həftəlik sərt karantin rejimindən insanlarda maska və sosial məsafəyə dair mədəniyyətin köklü surətdə formalaşdırılması üçün maksimum yararlanmaq lazımdır. Bu aspektdə bir məsələni də qeyd etmək yerinə düşər. Təbii ki, bir ay əvvəl metroda bir gəncdən maska taxmasını tələb edən polis əməkdaşlarına qarşı bir neçə nəfərin davranışı açıq tərbiyəsizlik idi və həmin insanlar da aşkarlanaraq məsuliyyətə cəlb edildi. O cümlədən Yasamalda sərt karantin rejimi çərçivəsində həftə sonu qadağasına baxmayaraq bir nəfərin maska taxmamasından başlayıb, bir qrup bina sakininin polis əməkdaşına zibil atmasına da başqa prizmadan yanaşmaq mümkün deyil. Təbii ki, proseslərin sonrakı gedişində belə insanların saxlanması zamanı polis tərəfindən atılan müəyyən addımların fonunda yaranan mənzərə də xoş deyildi, Daxili İşlər Nazirliyinin rəhbərliyi də bəzi əməkdaşlar barədə qərarları ilə buna mənfi münasibətini ortaya qoydu. Ümumilikdə isə bu gün polisin fəaliyyəti daha çox insanların sağlamlığını qorumağa yönəlib. Ancaq bu gün ictimai nəqliyyatda və qapalı məkanlarda maska taxılması və sosial məsafənin qorunması üçün polisin daha qətiyyətli və prinspial davranış ortaya qoymasına ehtiyac var. Polisin cəmiyyətin sağlamlığına ciddi təhlükə yaradan məsuliyyətsiz insanlara qarşı daha qətiyyətli və prinsipial davranması üçün isə həm də ümumən cəmiyyətin dəstəyi önəmlidir. Bu gün qanunvericilik avtobusda maska taxmayan sürücünü və sərnişini, supermarketə müştərilərin maskasız daxil olmasına şərait yaradan supermarket sahibi və əməkdaşlarını cərimələməyə imkan verir. Ancaq polis bu gün bir avtobusda maska taxmayanı cərimələyən zaman münaqişə yarananda cəmiyyətin davranışı necə olmalıdır və necə olacaq? Cəmiyyət olaraq belə halda maska taxmayanı qınayıb, polisə açıq dəstək verməliyik. Supermarketlərdə də o cümlədən. 

Yeri gəlmişkən, bu gün sorğu aparılsa, pandemiya xəstəxanalarında ağır, orta ağır vəziyyətdə olanların da əksəriyyətinin zamanında koronavirusa inanmayanlar olduğu üzə çıxar...

Bir məqamı da qeyd etmək istəyirəm. Hakimiyyət koronavirusla mübarizədə xalqla həmrəyliyi ilk gündən önəmli sayıb. Prezident İlham Əliyev və Birinci Vitse-prezident Mehriban Əliyeva dəfələrlə bununla bağlı cəmiyyətə çağırış edib. Operativ Qərargahın canlı və açıq sual-cavab müstəvisində olan mətbuat konfransları ilə hakimiyyət ilk gündən əslində yeni növ koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizədə cəmiyyətlə dialoqa açıq olduğunu ortaya qoyub. Jurnalistlər təbii ki, cəmiyyəti maraqlandıran suallara cavab arayır, cəmiyyətin müxtəlif təbəqələri jurnalistlər vasitəsi ilə onları maraqlandıran sualların hökumət nümayəndələrinə çatdırılmasına və cavabların alınmasına nail olurlar. Yəni söhbət burada tək mediaya münasibətdə yeni yanaşmadan getmir, həm də ciddi problemlə mübarizədə cəmiyyətlə dialoq mühitinin yaradılmasından gedir. İlkin mərhələdə əldə edilən uğurlar da elə bu həmrəyliyin nəticəsi olub. Bəlkə də ilkin mərhələdə qazanılan uğurlar, yoluxma və ölüm səviyyəsinin ölkəmizdə çox aşağı səviyyədə olması cəmiyyətdə sanki virus təhlükəsinin ötdüyü, bu təhlükənin o qədər də ciddi olmadığı təəssüratı yaradıb. Artıq cəmiyyət olaraq özümüzə gəlməliyik. Bu gün iki həftəlik sərt karantin rejimi ilə çətin duruma düşən kafe, restoran və digər sahələrdə çalışan bu durumun yaranmasında özünün nə dərəcədə məsuliyyət daşıdığı barədə də düşünməlidir. Həmin qapalı məkanlarda maska və sosial məsafə ilə bağlı müəyyənləşdirilmiş tibbi-metodiki göstərişlərə nə dərəcədə əməl etdilər, yaxud tibbi metodiki göstərişlərin həmin obyektlərdə müştərilər tərəfindən icra olunmasına nə dərəcədə məsuliyyətli yanaşdılar?

Sonda bir məqamı da qeyd etmək istəyirəm. Bu günlərdə Azərbaycan Prezidentinin köməkçi Anar Ələkbərovun ilk olaraq məhz sıravi jurnalistlərlə görüşü də media ilə yeni münasibətlərin növbəti təzahürü olmaqla bərabər, görüşün pandemiya mövzusuna həsr olunması bu istiqamətdə mühüm nüans, mesajdır. Ötən dövrdə hökumət tərəfindən görülən işlər qeyd edilməklə bərabər, jurnalistlərin pandemiya ilə mübarizə sahəsində mövcud durumla bağlı fikirləri dinlənildi, təklifləri müzakirə olundu və qeydə alındı. Sıravi jurnalistlər də təbii ki, cəmiyyəti maraqlandıran məsələləri dilə gətirdi. Bu görüşdə açıqlanan informasiyalar bir daha Prezident İlham Əliyevin bu gün atdığı addımlarda əsas prioritetin məhz insanların sağlamlığını qorumaq olduğunu göstərdi. Dövlət başçısı insanlarımızın sağlamlığını qorumaq üçün bir çox məsələləri ikinci, üçüncü plana keçirib.

Ancaq koronavirus bəlası ilə mübarizədə son söz cəmiyyətindir. Cəmiyyət olaraq məsuliyyətli davransaq, bu bəladan minimum itki ilə çıxacağıq, məsuliyyətsiz davransaq isə...

Yeri gəlmişkən, COVİD-19 artıq mutasiyaya uğrayıb, tək yaşlılar deyil, orta yaşlı insanlar və gənclər üçün ölümcül xəstəliklər sırasına daxil olur. Azərbaycanda da belə xəstələrin sayı artır. COVİD-19 yavaş-yavaş vəbalaşır...

OXŞar BLOQLAR
Məqalə göndər

APA Bloq nədir?

APA İnformasiya Agentliyi ekspertlərə, ictimai şəxslərə, gənc mütəxəssislərə fikirlərini bölüşmək, rəylərini paylaşmaq üçün platforma təklif edir. Dünyanın tanınmış informasiya agentliklərinin trendi olan “Bloq” artıq APA-da da var. “APA Bloq”da hər bir tanınmış şəxs Azərbaycan qanunvericiliyini və beynəlxalq konvensiyaları inkar etməyən fikrini, rəyini, təhlilini yerləşdirə bilər. “APA Bloq” Azərbaycan, rus və ingilis dillərində məqalələrin, ekspert rəylərinin yayılması üçün yaradılmış platformadır. Platformadan istifadə edəcək şəxslər özləri barədə kiçik avtobioqrafik məlumatı, foto şəkillərini və məqalələrini “APA Bloq”a göndərə bilərlər. Məqalələr platformanın redaktorları tərəfindən rəy verildikdən sonra bloqda əksini tapacaq.