Talassemiya ilə mübarizədə yeni dövrün başlanğıcı

Talassemiya ilə mübarizədə yeni dövrün başlanğıcı

Hər il may ayının 8-i bütün dünyada Beynəlxalq Talassemiya Günü kimi qeyd edilir. Çoxsaylı ictimai təşkilatlar tibb mərkəzləri ilə birlikdə müxtəlif tədbirlər keçirir ki, bu tədbirlər ictimaiyyətin diqqətinin talassemiya mövzusuna cəlb edilməsi, talassemiya barədə əhalinin məlumatlılığının artırılması və təbii ki, ictimaiyyətin talassemiyalı pasiyentlərə göstərdiyimiz qayğı barədə məlumatlandırılması məqsədinə xidmət edir. Bu il Beynəlxalq Talassemiya Federasiyası bu əlamətdar günü “Talassemiya ilə mübarizədə yeni dövrün başlanğıcı, yeni müalicə üsullarının pasiyentlər üçün əlçatan və münasib səviyyəyə çatdırılması” şüarı altında qeyd edir.

Bu gün qlobal olaraq hər bir pasiyent üçün yeni müalicə metodlarının əlçatanlığının mümkünlüyü sayəsində talassemiyalı pasiyentlərin həyat keyfiyyətinin artırılması zərurətindən danışılır. Aydındır ki, keyfiyyətli müalicənin təmin edilməsi üçün iri maddi vəsaitlər sərf edilir və hər bir inkişaf etmiş ölkə öz imkanları çərçivəsində pasiyentlərin müalicəsi üçün müəyyən qədər büdcə ayırır. Ölkəmizdə talassemiyalı pasiyentlər üçün pulsuz müalicə müvafiq dövlət proqramına uyğun olaraq təqdim edilir.

Talassemiyalı pasiyentlərin əsas müalicəsi daimi transfuziyalardan (qanköçürmələrdən) ibarətdir. Buna görə də, uzun illər bizim təşkilatımız, demək olar ki, bütün diqqətimizi ölkədə qan donorluğunun inkişafına yönəltmişdi. Karantin dövrü başlayandan, biz qan ehtiyatları baxımından olduqca çətin vəziyyətə düşdük, bu səbəbdən də həmvətənlərimizə müraciət etməli olduq. İctimaiyyətin dəstəyi sayəsində şəxsən Xoşməramlı Səfir Mehriban xanım qan donorluğunun inkişaf etdirilməsi məsələsinə diqqət ayırdı və vətəndaşlarımızı birlik və mərhəmət göstərməyə və onları könüllü qan donorları olmaqla talassemiyalı pasiyentlər üçün qan verməyə çağırdı. Bu çağırış ölkəmizdə qan donorluğunun inkişafında əsl dönüş nöqtəsi oldu və nəticədə yüzlərlə vətəndaş və təşkilat təmənnasız qanvermə aksiyasının keçirilməsi üçün növbəyə yazılmağa başlamışlar. 

Qan donorluğunun təminatı sarıdan əminlik əldə etdikdən sonra, bizim hal-hazırda başlıca diqqətimiz talassemiyalı pasiyentlərin müalicəsinin ikinci mühüm aspektinə – dərman vasitələrinin vaxtlı-vaxtında və dəqiq qəbul edilməsinə və ölkənin ən ucqar bölgəsində belə hər bir pasiyent üçün dərmanların əlçatan olmasına yönəlmişdir. 

Müalicənin ikinci mühüm aspekti barədə oxucularda təsəvvür yaratmaq məqsədilə qısa məlumat vermək istəyirəm. Hər dəfə qan köçürüldükdə, pasiyentin orqanizminə daxil olan dəmir mənimsənilmə prosesindən keçə bilmir və beləliklə də orqanizmdən xaric edilmir. Nəticədə dəmir pasiyentin müxtəlif orqanlarında çöküntülər verir ki, vaxtlı-vaxtında və dəqiq müalicə aparılmazsa, o, daxili orqanları (ürək, qaraciyər, mədəaltı vəzi və s.) sıradan çıxarır və beləliklə də orqanizmi sonrakı fəsadlaşmalara aparıb çıxarır. Bizim pasiyentlərimizlə pediatr-terapevtlər, hematoloqlar, endokrinoloqlar, hepatoloqlar, kardioloqlar və digər ixtisaslardan olan həkimlər işləyir. 

Ölkədə artıq 14 ildir ki, dövlət proqramının mövcud olmasına baxmayaraq, pasiyentlərin əksəriyyətində yüksək dərəcəli dəmir yüklənməsi mövcuddur ki, bu da yaxın zamanlarda onların müalicəsində ağırlaşmalara gətirib çıxaracaqdır (bəzilərində belə ağırlaşmalar artıq başlayıb). Valideynlər “biz hər şeyi həkimin dediyi kimi edirik, lakin dəmirin səviyyəsi aşağı düşmür. Nə üçün?” sualı ilə müraciət edirlər. Cavab aydınıdır:

- pasiyentin (pasiyentin ailəsinin) həkimin tövsiyələrini yerinə yetirmək istəməməsi və dərmanların vaxtlı-vaxtında qəbul edilməməsi. Burada əsas səbəb, çox güman ki, pasiyentin müalicənin vacibliyini, müalicənin nəticəyə təsirini tam başa düşməməsi və ən acınacaqlısı, gələcəyə inamın olmamasıdır. Ailələrin müalicəyə münasibətinin dəyişməsi, uşağın sağlamlığını qoruyub saxlamaq üçün müalicənin vaxtında aparılmasının vacibliyinin qavranılması həm tibb müəssisəsinin, həm də pasiyent təşkilatlarının mühüm vəzifəsidir və biz seminarlar, dəyirmi masalar, konfranslar vasitəsilə bu istiqamətdə bütün səylərimizi birləşdirməliyik.

- həkimlərlə pasiyentlər arasında etimadlı münasibətlərin olmaması, belə ki, pasiyent ömür boyu müalicə almalı olduğu zaman bu çox vacibdir. Biz bəzən "səbr edin" sözünü  eşidirik, mən özüm də uzaq keçmişi bugünkü günlə müqayisə edərək, bu sözü işlədirəm və başa düşürəm ki, o zaman hər şey daha acınacaqlı idi, daha doğrusu, həmin vaxtlar heç bir şey yox idi və pasiyentlərimiz 10-17 yaşadək yaşayırdılar. Lakin biz nə üçün keçmişə əsaslanmalıyıq? Mən istəyirəm ki, biz və həkimlərimiz beynəlxalq müalicə standartlarına malik olan müasir tibbə əsaslanaq.

- məsuliyyəti öz üzərinə götürmək istəməmək – təəssüf ki, ölkəmizdə talassemiyalı pasiyentlərə xəstə kimi baxılır, onların halına acımaq və ümidsizlik hissi ilə yanaşılır. Əslində, həkimlər mərhəmət hisslərinə malik, yüksək dərəcədə savadlı olmalıdırlar və onlar öz bilikləri üzərində daima işləməli, öz işlərini, xüsusilə də pasiyentlərini sevməlidirlər. Həkimlər təyin etdikləri müalicənin tam məsuliyyətini dərk etməlidirlər! Bu gün düzgün təyin edilməmiş müalicə sabah ciddi ağırlaşmalara gətirib çıxaracaqdır.

Bir dəfə oğlumla birlikdə növbəti qanköçürmələrdən birinə gələrkən, mən başa düşdüm ki, yalnız oğlumun müalicə olunduğu klinikada özümü tam təhlükəsiz hiss edirəm, çünki bilirəm: burada ona hər zaman kömək edəcəklər. Bəlkə də qəribə səslənir, lakin bu, məhz belədir. Hər dəfə həkimə gələrkən, müxtəlif pasiyentlər və onların ailələri müxtəlif hisslər keçirirlər - kimsə yeni ümidlərlə gəlir, kimsə də əksinə, həkimə daimi gəlişlərdən məyus hallar keçirir.  Lakin ən başlıcası budur ki, bütün pasiyentlər həkim qəbuluna gələcəyə inamla və bu təhlükəsizliyi hiss etmək arzusu ilə gəlirlər. Buna görə də, həkimlər unutmamalıdırlar ki, müalicədə yanlış bir addım pasiyentlərin gələcəyi üçün maneə ola bilər. Biganə qalmayın!!

2009-cu ildə ölkəmizin Birinci xanımı Mehriban xanım Əliyeva bizə Talassemiya Mərkəzini - uşaqlarımız üçün ikinci evi hədiyyə etdi. Odur ki, biz düzgün müalicəni "təxirə salmaq" istəmədiyimizi bəyan edirik, çünki biz uşaqlarımızın həyatından daha bir dəyərli günü itirmək istəmirik. Biz uşaqlarımızın ağırlaşmalarla yaşamasını istəmirik. Məhz bunun üçün biz həkimlərimizi təqdim edilən xidmətə qarşı məsuliyyəti artırmağa və müalicəni təyin edərkən, beynəlxalq protokolları əldə rəhbər tutmağa çağırırıq.

Biz çox inanırıq ki, Azərbaycanda talassemiyalı pasiyentlər üçün tibbi xidmətin səviyyəsi yüksələcək və biz də öz tərəfimizdən Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən elan edilmiş "Talassemiyasız həyat naminə" proqramının həyata keçirilməsini fəal şəkildə dəstəkləyəcəyik.

Bizim həkimlərə onların səyləri və əməyinə görə təşəkkür edirəm və onları bizimlə eyni yolda - pasiyentlərin həyat səviyyəsinin yüksəlməsinə uğrunda birləşməyə çağırıram.    Bu gün biz "Mənim həyatım sənin məsuliyyətindədir. Biganə qalma" adlı kampaniyaya başlayırıq. Biz digər pasiyent təşkilatlarını da kampaniyamıza qoşulmağa çağırırıq.

Kampaniyamızın şüarlarını diqqətinizə çatdırıram və çox ümid edirəm ki, biz hər bir sevən qəlbə yol tapa biləcəyik.

1. Mənim həyatım sənin məsuliyyətindədir. Biganə qalma.

2. Təşəkkür bildirməyə imkan yarat - düzgün müalicə et.

3. Sən buna qadirsən - düzgün müalicə et, həyatımı xilas et!

4. Düzgün müalicə et – müsbət nəticəyə nail ol!

5. Müalicədə yanlış bir addım mənim gələcəyimə maneə ola bilər. Biganə qalma!

6. Bu, mənə aiddir! Bu, mənim həkimimə aiddir! Bu, hər birimizə aiddir! Biganə qalma - düzgün müalicə et!

7. Sizin müalicəniz bizim həyatımızdır! Biganə qalmayın - bizə gələcək bəxş edin!

OXŞar BLOQLAR
Məqalə göndər

APA Bloq nədir?

APA İnformasiya Agentliyi ekspertlərə, ictimai şəxslərə, gənc mütəxəssislərə fikirlərini bölüşmək, rəylərini paylaşmaq üçün platforma təklif edir. Dünyanın tanınmış informasiya agentliklərinin trendi olan “Bloq” artıq APA-da da var. “APA Bloq”da hər bir tanınmış şəxs Azərbaycan qanunvericiliyini və beynəlxalq konvensiyaları inkar etməyən fikrini, rəyini, təhlilini yerləşdirə bilər. “APA Bloq” Azərbaycan, rus və ingilis dillərində məqalələrin, ekspert rəylərinin yayılması üçün yaradılmış platformadır. Platformadan istifadə edəcək şəxslər özləri barədə kiçik avtobioqrafik məlumatı, foto şəkillərini və məqalələrini “APA Bloq”a göndərə bilərlər. Məqalələr platformanın redaktorları tərəfindən rəy verildikdən sonra bloqda əksini tapacaq.