Deputat: “Şuşanın Azərbaycanın ayrılmaz parçası olduğunu bir daha hər kəs görəcək”

Məlahət İbrahimqızı, Milli Məclisin deputatı

© APA | Məlahət İbrahimqızı, Milli Məclisin deputatı

# 04 yanvar 2022 10:08 (UTC +04:00)

“Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2022-ci il “Şuşa ili” elan edildi. Bu, Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşanın beynəlxalq aləmdə tanıdılması baxımından çox önəmli və müdrik bir qərardır”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı bildirib.

M. İbrahimqızı deyib ki, 2021-ci ildə işğal altında olan torpaqlarımızın hələ minalardan tam təmizlənməməsinə, quruculuq işlərinin bitməməsinə baxmayaraq, Şuşada festivalların və beynəlxalq tədbirlərin keçirilməsi həm də dünyada erməni yalanının ifşasına yönəlmişdi: “Azərbaycan 30 illik müstəqillik tarixi ilə hələ çox gənc dövlətdir, dünyada isə erməni diasporu tərəfindən Azərbaycan əleyhinə təbliğat davamlı olaraq aparılıb. Qarabağ Sovetlərin çöküşü, müstəqilliyimizi yeni qazandığımız dövrdə işğal edildi və həmin qüvvələr dünyada Qarabağın, eləcə də Şuşanın erməni torpağı olması haqda çirkli təbliğat aparırdılar. Məhz bu səbəbdən işğaldan azad edilmiş Qarabağın tacı olan Şuşa ilə bağlı qəbul edilən bu qərarı zəruri ehtiyac və sosial sifariş kimi qəbul etmək olar. Prezidentimiz, eləcə də Birinci vitse-prezidentimiz çox gözəl bilirlər ki, həm də mədəniyyət diplomatiyası ilə Şuşanın tarixən Azərbaycanın ayrılmaz parçası olduğunu bir daha hər kəs görəcək. 2022-ci ildə təşkil olunacaq tədbirlərlə 270 il öncə Qarabağ xanı Pənahəli xanın bina etdiyi Şuşa qalası və şəhəri mədəniyyəti, tarixi və bəşər mədəniyyətinə verdiyi töhfələrlə dünyaya tanıdılmaqla erməni yalanları bir daha ifşa ediləcək”.

Deputat qeyd edib ki, Şuşa həm də Azərbaycan və Türkiyə arasında strateji müttəfiqlik haqqında Şuşa Bəyannaməsinin imzalandığı məkandır, tariximizin qızıl hərflərlə yazılmış səhifələrində qardaşlığın və dostluğun bir daha əbədiləşməsinin şahidi kimi qalacaq: “İnşallah, “Şuşa ili” çərçivəsində həyata keçiriləcək yüksək səviyyəli tədbirlərdə iştirak edəcək hər bir qonaq Şuşanın, Qarabağın, bütövlükdə Azərbaycanın təbliğatçısına və xoşməramlı səfirinə çevriləcək. “Şuşa il”in mübarək, Azərbaycan!

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR