Azərbaycan Prezidenti Şabran tarix-diyarşünaslıq muzeyi ilə tanış olub

Azərbaycan Prezidenti Şabran tarix-diyarşünaslıq muzeyi ilə tanış olub
# 15 avqust 2011 14:28 (UTC +04:00)
Şabran-APA. Şimal bölgəsində səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev Şabran tarix-diyarşünaslıq muzeyinin əsaslı təmirdən sonra açılışında iştirak edib. APA-nın “AzərTAC”a istinadən yaydığı məlumata görə, dövlətimizin başçısı muzeyin rəmzi açılışını bildirən lenti kəsib.

Muzeyin həyətində Şabranın qədim tarixini əks etdirən daş eksponatlar, o cümlədən rayonda aparılan arxeoloji qazıntılar nəticəsində tapılan müxtəlif növ əşyalar nümayiş etdirilir. Muzeydəki eksponatlar arasında Şabranın xəritəsi, rayon haqqında ümumi məlumatlar və dövlət atributları yer alıb. Heydər Əliyevin 2003-cü ildə imzaladığı sərəncama əsasən Dəvəçi rayonu ərazisindəki qədim Şabran şəhəri tarix və mədəniyyət abidəsi kimi qoruq elan edilib. Ötən il isə bu qədim şəhərin və rayonun tarixi adı özünə qaytarılıb.
Prezident İlham Əliyevin imzaladığı Sərəncamla Dəvəçi rayonunun adı dəyişdirilərək Şabran adlandırılıb. Mədəniyyət və Turizm Nazirliyinin “2010-2014-cü illər üçün xalq yaradıcılığı paytaxtları” proqramına əsasən, Şabran şəhəri 2011-ci ildə “Azərbaycanın əfsanələr paytaxtı” elan olunub. Dövlət başçısı muzeyin girişində quraşdırılan fotostendlərə baxıb. Burada Heydər Əliyevin və prezident İlham Əliyevin daxili və xarici siyasətini, o cümlədən ümummilli liderin və dövlətimizin başçısının Şabran rayonuna səfərlərini əks etdirən fotoguşələr də var. Bundan başqa, muzeydə rayonun tanınmış ziyalıları və 1941-1945-ci illər müharibəsinin şabranlı qəhrəmanları haqqında məlumatlar da yerləşdirilib. Rayonun şəhidləri üçün isə ayrıca guşə yaradılıb.

Prezident İlham Əliyevə məlumat verildi ki, muzeydə Şabranın tarixini, mədəniyyətini əks etdirən 3 min 572 eksponat nümayiş olunur. Eksponatların bir çoxu şəhərdə aparılmış arxeoloji qazıntılar zamanı tapılıb. Muzeydə rayonda toxunan xalçalardan da nümunələr var. Hazırda rayonda “Pirəbədil”, “Şahnəzərli”, “Zeyrə”, “Pirəbədil-Heyrəti”, “Hacı Qayıb”, “Yeni Çiçi” xalçaları toxunur.

Prezident İlham Əliyev Şabranın ilkin orta əsrlərdə maketinə baxıb. Qeyd edilib ki, Şamaxı şəhər kimi tam formalaşana qədər Şabran Şirvanşahların paytaxtı olub. Burada qədim Şabranın ticarət əlaqələrini əks etdirən sxem də maraq doğurur. Tarixçilər qeyd edirlər ki, qədim Şabranda yüksək səviyyədə istehsal sahələri olub və şəhərsalma prinsiplərinə əməl edilib. O dövrdə məhz Şabran şəhərində məhək daşı istehsal edilib. Məhək daşı ilə qədim dövrlər qızılın əyarı müəyyən olunurdu. Bir sözlə, arxeoloqların Şabran qoruğunda apardıqları qazıntılar zamanı aşkar edilən müxtəlif eksponatlar indi rayon Tarix-Diyarşünaslıq Muzeyinin qiymətli eksponatları sırasındadır. Qədim Şabranda tapılan əşyalar sırasında o vaxt əraziyə çəkilən su və kanalizasiya xətlərinin nümunələri, qədim su qabları da diqqəti cəlb edir.

Görülən işləri yüksək qiymətləndirən Prezident İlham Əliyev Şabran Tarix-Diyarşünaslıq Muzeyinin daha da zənginləşdirilməsi barədə tapşırıq və tövsiyələrini verib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR