Ali Baş Komandan: “44 gün ərzində düşmənin ordusu məhv edildi. Bu gün Ermənistan ordusu yoxdur”

Ali Baş Komandan: “44 gün ərzində düşmənin ordusu məhv edildi. Bu gün Ermənistan ordusu yoxdur”
# 01 yanvar 2021 00:33 (UTC +04:00)

“Müharibənin qaçılmaz olması ilə bağlı artıq neçə ildir ki, regionun işləri ilə məşğul olan müxtəlif ekspertlər öz fikirlərini ifadə edirlər. Eyni zamanda, bütün bu illər ərzində bizə ünvanlanan sifarişlər arasında, necə deyərlər, bir tezis üstünlük təşkil edirdi ki, münaqişənin hərbi həlli yoxdur. Kimsə bunu ortalığa atıb. Mən təxminən bilirəm kim. Bütün başqa təşkilatlar, bu işə aidiyyəti olan - olmayan, bölgə məsələləri ilə məşğul olan – olmayan, hamı elə bir ağızdan deyirdi ki, münaqişənin hərbi həlli yoxdur”.

APA xəbər verir ki, bunu Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə xalqa müraciətində deyib.

Dövlət başçısı əlavə edib ki, son illər ərzində bir çox ölkələrdə rəsmi səfərlərdə olub: “Bütün bu səfərlər işıqlandırılıb. Bir çox hallarda heç bölgə ilə, bizim regionumuzla əlaqəsi olmayan hansısa həmkarım deyirdi ki, münaqişənin hərbi həlli yoxdur. Sən haradan bilirsən? Deyiblər ki, bax, bunu deməlisən İlham Əliyevə, müxtəlif dairələr deyiblər. Dünya idarəetməsində fəal rol oynayan ölkələr, dairələr bunu deyirdilər, belə demək lazımdır ki, bizi bu yoldan çəkindirsinlər, heç vaxt bu olmasın. Status-kvo əbədi qalsın, dəyişdirilməsin. Halbuki, bəzən də deyirdilər ki, status-kvo qəbuledilməzdir. Amma sonra bundan da, necə deyərlər, vaz keçdilər. Başladılar deməyə ki, status-kvo dayanıqlı deyil. Deməli, qəbulediləndir. Amma bizim üçün qəbuledilən deyildi. Biz Ermənistan, onun havadarları, onun himayədarları və ermənipərəst qüvvələr qarşısına təkbaşına çıxmışdıq. Təkbaşına! Heç kimi bizi bizə sərf etməyən sülh müqaviləsi variantına məcbur edə bilmədi. Halbuki bir neçə dəfə belə cəhdlər oldu. Bir neçə dəfə, hətta müəyyən saxtakarlıq edərək sənədlərin tərtibatında guya səhvlər olub deyə bizi hansısa varianta təhrik etməyə, sövq etməyə çalışırdılar. Amma keçmədi, keçməyəcəkdi. Çünki güclü iradə var idi və var. Azərbaycan xalqının maraqları hər şeydən üstündür. Torpaqlarımızın işğaldan azad edilməsi ən başlıca vəzifə idi və biz bu vəzifəyə, bu hədəfə doğru inamla addımlayırdıq”.

Azərbaycan Prezidenti qeyd edib ki, son illərdə vəziyyət gərginləşməyə başlamışdı: “Artıq Ermənistan da öz niyyətini gizlədə bilmirdi. Çünki danışıqların mənası artıq faktiki olaraq itmişdi və təkcə bu son iki il ərzində yox, təqribən 5-6 il ərzində. Ermənistan işğal edilmiş torpaqlarda müntəzəm olaraq hərbi təlimlər keçirirdi. O hərbi təlimlər Ağdam rayonu ərazisində keçirilirdi. Ermənistan rəhbərliyinin sözlərinə görə, bu təlimlərdə 10 minlərlə canlı qüvvə iştirak edirdi. Bizim mövqelərimizə qarşı hücum təşkil edilirdi. Hərbi vertolyot hücum etmişdi və o vertolyot vuruldu. Bu da Ermənistana imkan verdi ki, bunu bəhanə gətirərək desin, bəli, Azərbaycan bizim vertolyotumuzu vurdu, indi danışıqlar dayanmalıdır. Hər dəfə müəyyən irəliləyişə imkan yarandıqca, belə təxribatlara əl atırdılar".

Ali Baş Komandan bildirib ki, Aprel döyüşləri Ermənistana dərs olmadı: "Bir neçə gün davam edən Aprel döyüşləri kiçik də olsa, bizim qələbəmizlə nəticələndi. Ermənistan məcbur oldu, yerinə oturduldu, torpaqlarımızın bir hissəsini işğalçılardan azad etdik, göstərdik ki, bizi heç kim və heç nə yolumuzdan döndərə bilməz, çəkindirə bilməz. Amma dərs olmadı onlara. Aprel döyüşlərindən sonra Ermənistanın o vaxtkı rəhbərliyi demək olar, söz vermişdi ki, işğal edilmiş torpaqlardan çıxacaq. Bu, həqiqətdir. Amma sonra orada ya özləri təşkil etmişdilər, ya doğrudan da belə hadisə baş verdi, polis bölməsi zəbt edildi, terrorçu qrup orada terror aktı törətdi və ondan sonra Ermənistan rəhbərliyi dedi ki, görürsünüz, burada vəziyyət gərgindir, biz bunu edə bilmirik. Bizi aldatdılar. 2018-ci ildə Günnüt əməliyyatı - Naxçıvan əməliyyatı da bizim uğurlu əməliyyatımız idi. Biz böyük ərazini götürdük, işğaldan azad etdik və strateji yüksəklikləri zəbt etdik. Yenə də dərs olmadı. Yəni, biz onlara şans verirdik. 2018-ci ildə Ermənistanda, - indi bəziləri buna inqilab deyir, bəziləri çevriliş deyir, özləri bilərlər, - dəyişiklik baş verdi, ümidlər oyandı və bu ümidlər əsassız deyildi. Mən dərinə getmək istəmirəm. Biz ümid edirdik ki, yeni rəhbərlik keçmiş səhvlərdən təmizlənəcək və bu məsələ öz həllini tapacaq. Amma bu da baş vermədi. Demək olar ki, bir ildən sonra bizə qarşı qəbuledilməz addımlar atıldı, bizi faktiki olaraq aldatdılar, öz daxili problemlərini həll etmək, daxili müxalifəti əzmək, həbs etmək üçün vaxt uddular. Ondan sonra nə oldu, Azərbaycan xalqı yaxşı bilir. Qəbuledilməz bəyanatlar, Azərbaycan xalqının təhqir edilməsi, yersiz hərəkətlər, biabırçı addımlar, bəyanatlar və təxribat xarakterli hərbi əməliyyatlar - iyul ayında, avqust ayında və nəhayət, sentyabrın 27-də. Mən dedim yetər artıq, irəli! 44 gün ərzində düşmənin ordusu məhv edildi. Bu gün Ermənistan ordusu yoxdur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR