Azərbaycan Prezidenti: “Münaqişənin hərbi yollarla həll edilməsi qaçılmaz idi”

Azərbaycan Prezidenti: “Münaqişənin hərbi yollarla həll edilməsi qaçılmaz idi”
  • Clock-gray 14:15
  • calendar-gray 10 Dekabr 2020

“Biz dünyada gedən prosesləri diqqətlə izləyirik və görürdük ki, son illərdə beynəlxalq hüquq, norma və prinsipləri kobudcasına surətdə pozulur. Bəzi ölkələr güc tətbiq edərək öz məqsədlərinə çatırlar, beynəlxalq hüquq, BMT Təhlükəsizlik Şurasının qətnamələri kağızda qalır”.

APA-nın məlumatına görə, bunu bu gün Bakının Azadlıq Meydanında  keçirilən “Zəfər paradı”nda çıxışında Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bildirib.

Ali Baş Komandan deyib ki, belə olan halda münaqişənin hərbi yollarla həll edilməsi qaçılmaz idi: “Bundan əlavə, son illər ərzində, xüsusən son 2 il ərzində Ermənistanın təxribatçı addımları, bəyanatları, hərəkətləri müharibəni qaçılmaz etmişdi. Ermənistan rəhbərliyinin çox zərərli və təhlükəli bəyanatları demək olar ki, danışıqlara son qoymuşdu. “Qarabağ Ermənistandır” deməklə, Ermənistan rəhbərliyi danışıqlara son qoymuşdu. Bizim tarixi torpaqlarımızda xaricdən gətirilmiş erməniləri məskunlaşdırmaq hərbi cinayətdir, beynəlxalq konvensiyalara ziddir. Bu, faktiki olaraq danışıqlara son qoyur, danışıqları mənasız edirdi. Biz bunu görürdük, hiss edirdik və öz sözümüzü beynəlxalq kürsülərdən dünya ictimaiyyətinə çatdırırdıq. Bu ilin sentyabr ayında - müharibəyə 3 gün qalmış BMT Baş Asssambleyasının kürsüsündən mən demişdim ki, Ermənistan yeni müharibəyə hazırlaşır və Ermənistan dayandırılmalıdır. Belə də oldu. Bu il bizə qarşı 3 dəfə hərbi təxribat törədildi. İyul ayında Ermənistan-Azərbaycan dövlət sərhədində hərbi təxribat törədildi və Ermənistan bizim torpaqlarımızı işğal etmək istədi. Amma layiqli cavab aldı və biz onları yerinə oturduq. Avqust ayında Azərbaycana diversiya qrupu göndərildi, o diversiya qrupu da zərərsizləşdirildi. Nəhayət, 27 sentyabrda bizim kəndlərimiz, hərbi mövqelərimiz artilleriya atəşinə məruz qalıb, mülki şəxslər və hərbçilər arasında itkilər olub. Biz dedik ki, yetər artıq, bu işğala son qoyulmalıdır və son qoyulacaq. Mən Ali Baş Komandan kimi əmr verdim ki, Azərbaycan əsgəri, irəli! Torpağımızı azad etməliyik, işğala son qoymalıyıq, işğalçını cəzalandırmalıyıq!  Belə də oldu. 44 gün ərzində Azərbaycan istədiyinə nail oldu, ədaləti bərpa etdi. Hər gün bizim şanlı tariximizdir, hər gün Azərbaycan irəli gedirdi”.

apa-logo-mini

Digər xəbərlər