Deputat: “Mitinqin sonundakı təxribat cəhdləri xalqın nümayiş etdirdiyi yüksək vətənpərvərlik, həmrəylik fonunda olduqca sönük göründü”

Deputat: “Mitinqin sonundakı təxribat cəhdləri xalqın nümayiş etdirdiyi yüksək vətənpərvərlik, həmrəylik fonunda olduqca sönük göründü”
# 15 iyul 2020 16:12 (UTC +04:00)

“Dünən axşam keçirilən möhtəşəm mitinq Azərbaycan xalqının öz Prezidentinə, Ali Baş Komandanına, öz Milli Ordusuna dəstək mitinqi, milli və ictimai-siyasi həmrəyliyimizin nümayiş olunması baxımdan olduqca əhəmiyyətli idi”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Babaoğlu deyib.

O bildirib ki, bu, eyni zamanda, Azərbaycan xalqının öz dövləti, siyasi hakimiyyəti və ordusu ilə birlikdə işğalçı Ermənistana cavab mitinqi idi: “Bu mintinqlə bağlı bəzən deyirlər ki, “lider yox idi”, yaxud “təşkilatçı yox idi”. Bu, tamamilə yanlışdır. Bu mitinqin təşkilatçısı Azərbaycan xalqı, lideri isə Ali Baş Komandanımız idi. Çünki xalq Ali Baş Komandan, Prezident İlham Əliyevi dəstəkləmək məqsədilə meydanlara çıxmışdı. Sırf daxili sosial-struktural kontekstdə ikinci mühüm keyfiyyət dəyişikliyi isə o idi ki, bu vaxta qədər radikal müxalifət kimi təsnifatlandırdığımz müxaliflər bu siyasi prosesi istismar etmək niyyətinə düşmədi və bunu etmədi. Bu da özlüyündə yaxşı hal idi. Bu, ölkəmizdə həyata keçirilən islahatların gətirdiyi konstruktiv siyasi dialoq əhval-ruhiyyəsi ilə bağlıdır. Üçüncü ən əsas məsələ isə o idi ki, bu mitinq həm də ermənilərin ideoloqlarına və onların işğalçılıq siyasətini dəstəkləyən hegemon güclərə, islamofob mərkəzlərə xalqımızın layiqli cavabı idi. Sonuncu mənəvi-siyasi komponent onunla əlamətdardır ki, işğalçı Ermənistan və onu dəstəkləyənlər hesab edirdilər ki, müəyyən müddət keçdikdən sonra Azərbaycan xalqının milli, vətənpərvərlik hissləri getdikcə korşalacaq və bundan əvvəlki tarixi hadisələrdə olduğu kimi, yalançı xalq diplomatiyası və qarşılıqlı “etimad mühiti” yaratmaqla status kvonu legitimləşdirəcəklər. Azərbaycan xalqı dünənki mitinqlə düşmənin bu ümidlərini əlindən aldı və bir daha sübut etdi ki, öz Prezidentinin qətiyyətini necə dəstəkləyir və xalq-iqtidar birliyi, nəticə etibarilə, torpaqlarımızın azad edilməsinə gətirib çıxaracaq”.

Komitə sədrinin müavini qeyd edib ki, mitinqin sonunda baş verən təxribat cəhdləri Azərbaycan xalqının nümayiş etdirdiyi yüksək vətənpərvərlik, ümummilli həmrəylik fonunda olduqca sönük göründü: “Eyni zamanda, ötən əsrin 90-cı illərindən bəri müsbət mənada qət etdiyimiz məsafənin, milli yetkinliyin fərqini ortaya qoydu ki, bu da mühüm hadisə idi. Artıq xalqımız yaxşı bilir ki, müxtəlif xarici qüvvələrin görünən və görünməyən təhriki ilə milli maraqlarımıza qarşı hərəkət etmək ümumi mənafelərimizə sarsıdıcı zərbə vura bilir. Dünənki hadisədə qanun pozuntusuna yol verənlərin çox kiçik bir qismi bunu nə məqsədlə etdiyini bilirdi. Qalanı isə ümumi axında onlara sadəcə qoşulanlar idi. Ona görə də təxribatın miqyası da kiçik oldu. Bu, bir daha ictimai-siyasi savadlılığımızın göstəricisidir. Ancaq nə olursa-olsun, hüquq mühafizə orqanlarımız anarxist hərəkət edərək ümummilli həmrəyliyimizi nümayiş etdirən, şəhidlərimizin ruhuna hörməti ifadə edən mitinqə kölgə salan şəxsləri layiqincə cəzalandırmalı, ictimaiyyətimiz isə onların bu hərəkətini qətiyyətlə qınamalıdır”.

Deputat hazırda həm də koronavirus pandemiyası ilə “müharibə” vəziyyətində olduğumuzu nəzərə çatıdırıb: “Bu "müharibə”də də vətəndaşlarımız öz həyatlarını itirir. Bizə yaraşan hansısa virusa yaxalanaraq ölmək deyil, bizə yaraşan torpaqlarımızı işğal edən düşməni müqəddəs torpaqlarımızdan çıxarmaq və bu yolda lazım gələndə şəhidlik zirvəsinə ucala bilməkdir! Ona görə də indiki vəziyyətdə heç bir halda yenidən kütləvi mitinqlərin təkrarlanmasına yol vermək omaz və bunun üçün müvafiq qurumlarımız mütləq önləyici tədbirlər görməlidirlər. Yekun olaraq qeyd etmək istəyirəm ki, 12 iyulda baş verən erməni təxribatı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminin ətrafında yeni situasiya yaratdı və yeni vəziyyət bizim lehimizə olmaqla problemin tezliklə həllini aktual edir. Elə daxili ictimai-siyasi münasibətlər baxımından da bu təxribat Ermənistanda dağıdıcı, Azərbaycanda isə birləşdirici faktora çevrildi”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR